08 iyul 2019 20:15
1030

“Made in Azerbaijan” ölkələri dolaşır

Həyata keçirilən  sosial -iqtisadi islahatların başlıca məqsədi insanların rifahını yaxşılaşdırmaq, yeni iş yerlərinin yaradılması üçün sahibkarlığa maddi, hüquqi dəstəyi gücləndirmək,  özünüməşğulluq prosesinə cəlb olunanların sayını artırmaqdır. Son illərdə   dünyada təbliğ olunan “ASAN xidmət”, Ailə Biznesinə Asan Dəstək -ABAD, Dayanıqlı Operativ Sosial Təminat -DOST kimi Azərbaycan brendi olan yeniliklərin ölkə əhalisi tərəfindən dəstəklənməsi, bu layihələrə marağın artması aztəminatlı ailələrin  büdcələrini möhkəmləndirmiş, əlavə gəlirlərin  həcmini artırmışdır.

Azərbaycanın dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilməsində və mövqeyinin möhkəmlənməsində  ölkəmizin xarici bazarlarda  təmsil olunması  xüsusi əhəmiyyət daşıyır. Respublikaya başçılıq etdiyi ilk günlərdən qeyri-neft sektorunun inkişafına diqqətin artırılmasını, Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasını  qarşıya mühüm vəzifə kimi qoyan  Prezident İlham Əliyevin son illərdə  apardığı siyasət nəticəsində ÜDM-də payı artan özəl bölmə bütün istiqamətlər üzrə inkişaf edir.   “Çünki bizim əsas məqsədimiz, əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır. Sərmayənin cəlb edilməsi əlbəttə ki, hər bir ölkə üçün çox önəmli məsələdir, o cümlədən bizim üçün. Əgər əvvəlki illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyuluşu təmin edilirdisə, hazırda biz bunu qeyri-neft sektorunda görürük və bu da aparılan işlərin nəticəsidir. Çünki Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur” söyləyən cənab İlham Əliyevin əsas tövsiyəsi dünya bazarlarında Azərbaycan brendi ilə tanınan məhsulların istehsalına, ölkəyə əlavə gəlir gətirəcək  birgə müəssisələrin təşkilinə diqqəti artırmaqdır.

“İxracyönümlü məhsulların istehsalı bu gün ölkə qarşısında prioritet vəzifə olaraq dayanır və bu vəzifə icra edilməlidir. Bu, nə ilə bağlıdır? İlk növbədə, biz bunu ona görə etməliyik ki, ölkəmizin mövcud olan bütün kənd təsərrüfatı potensialını 100 faiz səviyyəsində həyata keçirək. Bir qarış torpaq boş qalmamalıdır. Bu, məhsuldarlığı artıracaq, insanlara daha da böyük maddi gəlir gətirəcək, dövlətə də bunun böyük xeyri olacaq” söyləyən cənab İlham Əliyev ölkəmizin xarici bazarlarda daha geniş   təmsil və təbliğ  olunması üçün mövcud imkanlardan istifadəni hər bir təsərrüfat  başçısının ümdə vəzifəsi kimi  diqqətə çatdırır.

İqtisadiyyatın şaxələndirmə  prinsiplərinin əsasını təşkil edən Strateji Yol Xəritəsində də  hədəf  adambaşına düşən qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılmasıdır. Bunun üçün qeyri-neft sənayesi və kənd təsərrüfatı,  turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişafı üçün qanunvericilik təkmilləşdirilir,  biznes və investisiya mühitinin  yaxşılaşdırılması təmin edilir.

İxracın təşviq edilməsi sahəsində imzalanan Fərman və sərəncamların tətbiqi ilə  ölkənin iqtisadi inkişafında,  xarici iqtisadi əlaqələrinin genişləndirilməsində yeni mərhələnin başlanğıcı qoyulub. İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı  həyata keçirilən islahatlara uyğun ixrac təşviqi şamil olunan ərzaq və sənaye  məhsullarının növündən asılı olaraq, sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək büdcə vəsaitləri hesabına  ödənilməsi iş adamlarına əlavə imkanlar qazandırır. Sahibkarlığın inkişafına dəstək olan səmərəli mexanizmlərin tətbiqi ilə ixrac olunan kənd təsərrüfatı və sənaye məhsullarının sayı artır.

“Made in Azerbaijan”” brendinin təşviqinə, yerli şirkətlərin xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarına çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları””nın təsdiqindən sonra Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Çin Xalq Respublikasında təşkil olunan beynəlxalq şərabçılıq sərgisində yerli  məhsullarımızdan biri qızıl medala layiq görülüb və 500 min şüşə şərabın Çinə ixracına dair imzalanmış müqavilənin icrasına başlanılıb. Dubaya ixrac missiyası çərçivəsində nar şirəsi, alma və balın ixracına dair razılaşmalar əldə edilib. “2018-2025-ci illərdə  Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiqlənməsi və tələbatın artması ilə  dünyada  şöhrət qazanmış şərabçılığın inkişafına gəlirli sahə kimi daha  çox diqqət yetiriləcək.

Rusiyada, Belarusda, Ukraynada  fəaliyyət göstərən Azərbaycan Ticarət evlərində  Azərbaycan brendi ilə tanınan  məhsullara marağın artması başqa MDB və Avropa ölkələrində də eyni  profilli  evlərin açılması tələbini qarşıya qoyur.

Həmin Ticarət evlərində Azərbaycan məhsullarının daimi sərgiləri təşkil  edilir. Çinin Urumçi və Şanxay şəhərlərində  Azərbaycan Şərab Evləri fəaliyyət göstərir. Bu şəbəkənin genişləndirilməsi məqsədilə cari ilin sonunadək Qazaxıstanın paytaxtında, Çinin  və Rusiyanın digər şəhərlərində  Şərab evlərinin açılması nəzərdə tutulur. Rusiyada, Çində, Birləşmiş Ərəb Əmirliklərində, Mərkəzi Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan nümayəndəlikləri respublikamızda istehsal olunan, ekoloji təmiz məhsullara  tələbatla bağlı  məqsədyönlü iş aparır, təkliflər öyrənilir. Cari ilin martında  Moskvada açılan “Azərbaycan nemətləri” mağazalar şəbəkəsinin Rusiyanın başqa şəhərlərində də  təşkili nəzərdə tutulur.

İlin sonunadək aparılan danışıqlar sayəsində  Azərbaycan şirkətləri Rusiyada “Worldfood Moscow”, Almaniyada “Anuga 2019”, Çində təşkil olunan  “Food and Hotel China” beynəlxalq sərgilərində iştirak edəcəklər.

Azərbaycan məhsullarının “Made in Azerbaijan” adlı  sərgilərdə vahid  brend kimi  maraqla qarşılanması ölkədə yaradılan biznes mühitinin əlverişli olması ilə bilavasitə əlaqəlidir.  Məhsullarımızın dünya bazarlarında  daha böyük çeşiddə nümayiş olunması ölkəmizdə qeyri-neft sektoruna, aqrar sahəyə, iş adamlarına göstərilən dövlət dəstəyinin  uğurlu nəticəsidir. 

Beləliklə, ölkəmizin keyfiyyətli məhsulları dünya bazarlarında  təbliğ olunur,  ixracatçılar üçün yeni imkanlar yaradılır.  Hədəf Asiya qitəsində, Körfəz ölkələrində daha böyük coğrafiyada  təmsil olunmaqdır.

Bu baxımdan ixracyönümlü müəssisələrin yaradılması, Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması, ixrac məhsullarında keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, ixrac üzrə mütəxəssislərin hazırlanması tədbirləri bundan sonra da davam etdiriləcək. Əlavə olaraq  “Azexport” portalları vasitəsilə  Azərbaycan brendinə olan maraqlar  təhlil olunur, tələb- təklif öyrənilir.

“Biz yeni bazarlara çıxmalıyıq.  Bu,  Yaxın Şərqdir,  Körfəz ölkələridir, digər ölkələrdir, Asiyadır,  Çindir. Biz oraya çıxmalıyıq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın gələcək hədəfləri bəllidir və bu  istiqamətdə nəzərdə tutulan vəzifələr həllini tapacaq.

Xuraman İsmayılqızı, “İki sahil”