03 iyun 2020 17:08
859

Mağaza işçisini qətlə yetirərək 40 min manat pul oğurlayan şəxslər tutulublar

İyunun 1-də səhər saat 6 radələrində 65 yaşlı Hüseyn Əhmədovun işlədiyi, paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisindəki mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə məlumat daxil olub. “İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər - Tərtər rayon sakini F.Yusifli və Kürdəmir rayon sakini S.Cəlalov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Həmin pul və müşahidə kamerasının yaddaş bloku maddi sübut kimi onlardan götürülüb.