07 noyabr 2019 19:32
109

Mahir Abbaszadə: Xalqımız hər zaman bütün təxribatçılara layiq olduqları cavabı verib

“Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara, o cümlədən Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsi təqdirəlayiq hal olmaqla yanaşı, mühüm əhəmiyyətə malikdir.”

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Milli Məclisin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə bildirib. Qeyd edib ki, 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman bu təbəqənin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tuturdu. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır”. Bu strateji kursa uyğun olaraq respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Son 16 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli məqsədilə müxtəlif proqramlar reallaşdırılıb. Qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur.

M.Abbaszadə vurğulayıb ki, bütün görülən işlər ölkəmizin müsbət iqtisadi inkişafının nəticəsidir. Son illər paralel aparılan siyasi, sosial və iqtisadi islahatların nəticəsidir ki, Azərbaycan dünya iqtisadi və maliyyə böhranından ən az zərər görən ölkə kimi tanınır və imicini bu gün də qoruyur. Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli olmasını və inkişafını şərtləndirən əsas amil onun beynəlxalq proseslərə və çağırışlara uyğun olması, eyni zamanda, xalqın mənafeyinə xidmət etməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılmış iqtisadi islahatlar, o cümlədən qeyri-neft sektorunun inkişafı, infrastruktur lahiyələrinin reallaşdırılması, iqtisadiyyatının qanunvericilik bazasının möhkəmləndirilməsi və digər amillər  iqtisadi mühitin münbitliyindən xəbər verir və nəticə etibarilə, beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycanın yerini yaxşılaşdırır, mövqeyini daha da möhkəmləndirir.

M.Abbaszadə bildirib ki, ölkəmizin siyasi və iqtisadi inkişafını gözü götürməyən antimilli qüvvələr hər vəchlə buna mane olmağa çalışırlar. Əsl müxalifət ölkənin inkişafı və xalqın rifahına alternativ yol təklif edən siyasi qüvvə hesab olunur. Yalançı müxalifətimizdə isə uzun illərdir heç bir konstruktiv ideyalar, təkliflər və elementar siyasi mədəniyyət görmürük. Əksinə, bu müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib”. Bu gün Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar həm dövlətimizin qüdrətinin artmasına, həm də vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan yaradıb. Azərbaycanda sosial problemlər öz həllini tapır və insanları narahat edən məsələlərin aradan qaldırılması üçün dövlətimiz tərəfindən lazımi tədbirlər görülür. Ona görə də, özünü müxalifət adlandıran, əslində isə antidövlət, antixalq fəaliyyət nümayiş etdirən azsaylı qrupların guya hansısa sosial tələblə hər hansı aksiya keçirməsinə ehtiyac yoxdur. Xalqımızın bu dağıdıcı ünsürlərə etimad göstərməməsi, ilk növbədə, Prezident İlham Əliyevə inamının, Onun həyata keçirdiyi siyasəti müdafiə etməsinin təzahürüdür. Əminəm ki, Azərbaycan xalqı bundan sonra da bütün təxribatlara və təxribatçılara layiqli cavab verərək dövlətçiliyimizi və milli maraqlarımızı qətiyyətlə qoruyacaq.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
“İki sahil”