25 iyun 2020 16:41
454

Makrona ölkəsindən cavab: Liviyada böhranın əsas günahkarı Fransadır

Türkiyəni Liviyada “təhlükəli oyun oynamaqda” ittiham edən Fransa Prezidenti Emmanuel Makrona cavab ölkəsindən gəlib. “İki sahil” xəbər verir ki, Fransanın dövlət radiosu “Radio France”nin yayım rejissoru Jean-Marc Four ölkəsinin beynəlxalq hüquq və siyasət məsələsində Türkiyəyə “dərs verəcək” durumda olmadığını bildirib.

Jean-Marc Four hesab edir ki, bu məsələdə səssiz qalmalı bir paytaxt varsa o da Parisdir: “Beynəlxalq hüquq baxımından bu böhranın əsas günahkarı Fransadır. Liviyadakı xaos sabiq Prezident Nikola Sarkozinin 2011-ci ildə imzaladığı qərardan daha əvvəl - Qəddafinin öldürülməsi ilə başlayıb”. Fransanın Xəlifə Haftar tərəfdarlarını silahla təmin etdiyini iddia edən Four əlavə edib ki, 2016-cı ildə Fransa xüsusi xidmət orqanlarının 3 əməkdaşının Benqazidə ölməsi və ABŞ-ın sadəcə Fransaya satdığı silahların Liviyada aşkarlanması bunlardan sadəcə ikisidir: “Fransanın Liviyada Haftarı açıq şəkildə dəstəkləməsi beynəlxalq hüquq baxımından müzakirə edilməlidir. Türkiyə, BMT tərəfindən qəbul edilən hökuməti dəstəkləməklə Fransadan daha çox beynəlxalq hüquqa uyğun davranır. Əslində, Liviyada təhlükəli oyun oynayan Fransadır”. Beynəlxalq hüquq baxımından ölkəsinin səhv etdiyini deyən jurnalist əlavə edib ki, rəsmi Paris siyasi baxımdan “səhv ata oynayıb”.

"İki sahil"