25 may 2020 15:15
344

MALA və Azərbaycanın səfirliyi COVID-19-la bağlı müzakirələr aparılıb

Müsəlman Amerika Liderlik Alyansının (MALA) təşkil etdiyi və Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə keçirilən brifinqdə COVID-19 pandemiyası dövründə resursların bölüşdürülməsi, icmaların müdafiəsi və bu istiqamətdə səyləri birləşdirmək üçün strateji reaksiya koalisiyalarının qurulmasına dair müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, panel iştirakçıları səfirliyin müşaviri Vüqar Qurbanov, siyasi məsələlər üzrə əməkdaşı Şəlalə Vəliyeva, MALA təşkilatının icraçı direktoru və həmtəsisçisi Zeynəb Xan və təşkilatın həmtəsisçisi Əhməd Fleks Ömər olub.

MALA-nın nümayəndələri pandemiyanın nəticələrindən söz açaraq təşkilatın müəyyən qədər də olsa zərərin qarşısını almaq üçün gördüyü tədbirlərdən söz açıblar. Belə ki, bu işdə öz töhfələrini verən bir sıra iş adamları, xeyriyyəçilər, o cümlədən Nyu-York şəhərində fəaliyyət göstərən məşhur hindistanlı-amerikalı modelyer Naim Khan ilə əməkdaşlıq çərçivəsində minlərlərə maskaların hazırlandığı, ərzaq təminatının aparıldığı və həssas icmalara yardımın göstərildiyi qeyd olunub. COVID-19-un ABŞ-da yayılmasının gündəlik həyata təsiri, kiçik biznes üzrə sahibkarlara və sərbəst işçilərə təsirindən söhbət açılıb, təcili mikro qrantlara dəstək üçün MALA-nın dəstəyi ilə yaradılan fond haqqında məlumat verilib.

Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar Azərbaycanın ABŞ-dakı səfirliyi MALA-nın koronavirus pandemiyası üzrə yaratdığı fonda dəstək göstərmək məqsədilə ölkəmiz adından ianə edib. MALA-nın icraçı direktoru Z.Xan səfirliyimizə təşəkkür məktubu göndərərək Azərbaycan tərəfinin ianəsinin Çikaqoda ehtiyacı olan şəxslərə sərf ediləcəyi barədə məlumat verib.

Səfirliyin nümayəndələri öz çıxışlarında Azərbaycan hökuməti tərəfindən koronavirus pandemiyası ilə mübarizədə atılan addımlar və görülən tədbirlər haqqında ətraflı məlumat veriblər. Cəmiyyətin sağlamlığının vacibliyi nəzərə alınaraq müasir xəstəxanaların tikildiyi, həssas icmalara davamlı dəstəyin göstərilməsi istiqamətində layihələr və digər tədbirlər sadalanıb. Bundan əlavə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirildiyi və Türk Şurasının dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş görüşü keçirən ilk beynəlxalq təşkilat olduğunu vurğulanıb.

Həmçinin Qoşulmama Hərəkatına üzv ölkələrin koronavirus pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında videokonfransının təşkil olunduğu barədə məlumat verilərək Azərbaycanın pandemiya ilə mübarizədəki səyləri dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdığı və digər ölkələri dəstəkləmək üçün əlavə maliyyə vəsaitinin ayrılacağının bildirildiyi qeyd olunub.

Müzakirələr zamanı Nyu-York şəhərində yerləşən Yəhudi Tarixi Mərkəzində yəhudi və müsəlman təşkilatları olan Amerika Sefard Federasiyası (ASF) və MALA ilə birgə Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri və ümumi olaraq Dağlıq Qarabağ münaqişəsinin nəticələri, həmçinin məcburi köçkün və qaçqın qadınların sahibkarlıq fəaliyyətində rolunun artırılması mövzusunda keçirilən tədbir xatırlanıb.