18 sentyabr 2019 11:33
803

Maliyyə xidmətlərinə dair Strateji Yol Xəritəsi ölkəmizə nə vəd edir?

Son illər ərzində dünya birjalarında fond qiymətlilərinin, yanacaq- enerji məhsullarının dəyərdən düşməsi, eyni zamanda digər irrasional və spekulyativ davranışların ortaya çıxardığı iqtisadi böhran qlobal xarakter daşımaqla demək olar ki, bütün ölkələrdə fərqli təzahürlərlə müşahidə olunmaqdadır.

Dünya maliyyə sektorunda gedən son proseslər, eyni zamanda, 2015-ci ilin sonlarından başlayaraq Amerika Federal Ehtiyatlar Sisteminin dolların vahid uçot dərəcəsini artırmağa başlaması və bunu günümüzə qədər davam etdirməsi heç şübhəsiz, neftin qiymətində kəskin azalmalar meydana gətirdi ki, bu da ölkəyə daxil olan xarici valyutanın həcminin əhəmiyyətli dərəcədə aşağı düşməsinə, nəticədə isə tədiyyə balansında ciddi fərqin meydana gəlməsinə və davamlı iqtisadi artımın tempinin zəifləməsinə səbəb oldu. Bütün bunlar isə bütövlükdə ölkə miqyasında iqtisadi infrastruktur tədbirlərinin təkmilləşdirilməsi və müvafiq  islahatların aparılması zərurətini ortaya çıxardı.

Ölkəmizdə maliyyə xidmətləri sektorunun çevikliyinin təmin edilməsi, bütün sahələrdə iqtisadi inkişafın dəstəklənməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 №-li Sərəncamı ilə təsdiq edilmiş,  bütövlükdə 11 sektoru əhatə edən Strateji Yol Xəritəsinin əsas istiqamətlərindən biri də maliyyə xidmətlərinin inkişafına yönəldilmişdir. Bu istiqamətdə hazırlanan Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə sağlam və dinamik bank sisteminin yaradılması, maliyyə sferasında şəffaflığın artırılması, mütəxəssislərin bilik və bacarıqlarının, eyni zamanda, müştərilər arasında maliyyə savadlılığının yüksəldilməsi, maliyyə və qiymətli kağızlar bazarının təkmilləşdirilməsi məqsədini daşıyır. Qarşıda duran işlərin icra edilməsində yerli və xarici mütəxəssislərin, məsləhətçi şirkətlərin, akademik institutlarının, təhsil müəssisələrinin, həmçinin sadə vətəndaşların iştirakı nəzərdə tutulmuşdur.

Konkret olaraq bu istiqamətdə aparılan işlərin əsas strateji hədəfləri ilk olaraq bank sisteminin likvidliyinin artırılmasını, sığorta bazarının və maliyyə inklüzivliyinin (əhatəliliyinin) canlandırılmasını, ikinci hədəf maliyyə bazarlarının inkişafını, üçüncü və dördüncü hədəf maliyyə infrastrukturunun və nəzarət mexanizminin gücləndirilməsinı, sonuncu hissə isə maliyyə sektoru iştirakçılarının bilik və bacarıqlarının yüksəldilməsini nəzərdə tutur.

Strateji Yol Xəritəsinin uzunmüddətli pers

pektivləri əsasən, 2020-ci ildən sonrakı dövr üçün hədəf baxışlarda özünü göstərməsi mümkün olacaqdır. Çünki bu dövrlərə qədər əsasən mövcud problemlərin aradan qaldırılması, bank sisteminin dayanıqlılığının gücləndirilməsi və likvidlik problemlərinin həll edilməsi, investorların qiymətli kağızlar bazarına cəlb edilməsi üçün tədbirlərin həyata keçirilməsi, həmçinin maliyyə sektorunda savadlılığın artırılması işləri görüləcəkdir. Dünyanın qabaqcıl ölkələri ilə müqayisə etdikdə Azərbaycanda qiymətli kağızlar bazarının yerli iştirakçılar, xüsusən də əhali qismində təşkil edilməsi çox aşağıdır. Əvvəla, bu sahədə insanların bilik və dünyagörüşü kifayət qədər deyil, ikincisi də bəzi risklərin mövcud olması onların bu sektora maraq göstərməsinə maneçilik törədir. Bu da həqiqətdir ki, nəinki sadə vətəndaşlar, hətta bazar iştirakçıları və mütəxəssislərin bilikləri də o qədər yüksək səviyyədə deyil.

Uzunmüddətli strateji baxışda nəzərdə tutulan əsas işlərdən biri də bank sistemində davamlı artıma nail olunması planlaşdırılır. Əsasən xidmət portfelinin diversifikasiya olunmasını və müasir dünya standartlarına uyğun təşkil edilməsini nəzərdə tutan bu işlər, həmçinin yeni-yeni məhsul və xidmətlərin ortaya çıxmasına səbəb olacaq ki, bu da öz növbəsində banklararası rəqabətin düzgün təşkil edilməsinə, onların maliyyə göstəriciləri arasındakı fərqlərin azaldılmasına və bank olmayan kredit institutlarının meydana gəlməsinə şərait yaradacaqdır. Birinci hədəf baxışın sonuna qədər bank sisteminin gəlirliliyində 7-8% artım proqnozlaşdırılır.

Bundan əlavə, hesab edirik ki, problemli kreditlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı vətəndaşların borc yükünün azaldılması ilə bərabər, önümüzdəki illərdə bank sektoru qarşısında böyük imkanlar yaradacaqdır.

Yol Xəritəsinin uzunmüddətli perspektivlərinin ən parlaq vaxtı isə 2025-ci ildən sonrakı illər üçün planlaşdırılır. Xarici investorların ölkəmizə cəlb edilməsi, rəqəmsal bank sisteminin formalaşdırılması, məhsul çeşidinin daha da şaxələndirilməsi, xarici bankların investisiya proseslərinə cəlb edilməsi və ölkəmizin regionun əsas maliyyə mərkəzlərindən birinə çevrilməsi uzunmüddətli strategiyanın əsas hədəflərindən hesab edilməkdədir. Onu da qeyd edək ki, üzən məzənnəyə tam keçidin bərqərar edilməsi bu istiqamətdə ən vacib məsələlərdəndir ki, gələcək planlardan biri də bunun üzərində qurulubdur. Hazırda Azərbaycanın iqtisadi reytinqi bəzi beynəlxalq reytinq qurumları tərəfindən sabit proqnozla təsdiqlənibdir. Həmçinin Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 2019-cu il üçün ən islahatçı on ölkədən biri kimi təqdim edilmişdir.

Eltun İbrahimov,

iqtisad elmləri üzrə fəlsəfə doktoru