24 iyun 2020 09:31
301

Manat mövqeyini möhkəmləndirir

Dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar əksər ölkələrin milli valyutalarında dinamik hərəkətlilik müşahidə olunmaqdadır. Azərbaycanla ciddi ticarət tərəfdaşları olduqları üçün qonşu ölkələrin maliyyə bazarları da maraqla izlənilir. Bu baxımdan hazırda Türkiyə və iranda yaşananlar daha çox maraq dairəsindədir. Hər iki ölkədə milli valyuta sürətlə dəyərdən düşməkdə davam edir.

Son məzənnəyə əsasən, İranda bir ABŞ dolları artıq 19 min tüməni keçir, bir avro isə 21 min 325 tümənə mübadilə edilir. Halbuki, cari ilin yanvar ayında bir dollar 13 min 350 tümənə mübadilə olunurdu. Nəticələr göstərir ki, İranın milli valyutası bir dollara nisbətdə 42 faiz dəyərdən düşüb.

Türkiyədə də vəziyyət ürəkaçan deyil. İxracın kəskin azalması və turizmin qapalı olması valyuta böhranına gətirib çıxarıb. Qardaş ölkənin əsas valyuta daxilolmaları həm ixracatdan, həm də turizmdən asılıdır. Misal olaraq deyə bilərik ki, ötən il Türkiyəyə turizmdən təxminən 38 milyard dollara yaxın valyuta daxil olub ki, bu da ölkə büdcəsində ciddi məbləğdir. Eyni zamanda, əsasən yüngül sənaye və avtomobil ixracından da ölkəyə yüksək məbləğdə valyuta gəlirdi. Amma son zamanlar Türkiyənin ixracatında ciddi azalmalar var və turizm sahəsi fəaliyyət göstərə bilmir. Bütün bunlar və yüksək məbləğdə xarici borcların olması lirəni dəyərdən salır. Rusiyada da son günlərdə rublun məzənnəsində qeyri-sabitlik qeydə alınır. Gürcüstan larisi də turizmin bağlı olması səbəbindən dollara nisbətdə dəyərini itirməkdədir.  

Bütün bunlar qonşu ölkələrdə milli valyutaların dəyər itirməkdə olduğunu göstərir və bu ölkələr, yuxarıda qeyd olunduğu kimi, həm də Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında yer alırlar. Amma qonşu ölkələrdən fərqli olaraq manat dollar və digər xarici valyutalara nisbətdə dayanıqlılıq nümayiş etdirir. Son valyuta hərraclarına nəzər saldıqda isə dollara tələbin azalan xətt üzrə getməsini də müşahidə etmək mümkündür.

Bu isə onu deməyə əsas verir ki, bundan sonra da regionda ən dayanıqlı valyuta qismində manatın çıxış etmə şansları davam edəcək. İdxaldan asılılığın azalması, ixracın artımı, neftin qiymətinin tədricən yüksəlməsi ilə əlaqədar manatın mövqeyini bundan sonra da qoruması gözlənilir. Ekspertlər də bu qənaətdədirlər ki, böyük valyuta ehtiyatları və Neft Fondunun cari il ərzində təxminən 5 milyard dolları manata çevirmək öhdəliyi də milli valyutanın sabitlyinə təminatdır. Digər tərəfdən, valyuta ehtiyatlarında idarəçiliklə bağlı Azərbaycanın tutduğu mövqe də prosesə müsbət təsir edir və riskli əməliyyatlardan, demək olar ki, istifadə olunmur. Dövlət Neft Fondu aşağı gəlirli, amma dayanıqlı investisiyalara üstünlük verir.

Hesab edilir ki, görülən tədbirlər nəticəsində valyuta ehtiyatlarının artımı davam edəcək və bu da manatın məzənnəsinin sabitliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, ölkəyə yeni valyuta axını da proqnozlaşdırılır. Tezliklə Cənub Qaz Dəhlizi çərçivəsində Avropa bazarına Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. İlkin mərhələdə Avropa bazarına 10 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. TANAP-la Türkiyəyə nəql edilən qazın həcmi isə 6 milyard kubmetrə çatacaq ki, bu da ölkəyə daxil olan valyutanın miqdarını əhəmiyyətli dərəcədə artıracaq.

Taleh Bağırov,

“İki sahil”