28 yanvar 2019 17:36
308

Marselo “Real Madrid”dən ayrılmaq istəyir

İspaniyanın “Real Madrid” klubunun müdafiəçisi Marselo Madrid təmsilçisini tərk etmək fikrindədir.

AZƏRTAC “Marca”ya istinadla xəbər verir ki, 31 yaşlı braziliyalı müdafiəçi klubun prezidenti Florentino Peresdən transferə çıxarılmasını xahiş edib. İspaniya mətbuatının məlumatına görə, braziliyalı futbolçu sabiq komanda yoldaşı Kriştianu Ronaldunun çıxış etdiyi “Yuventus” klubuna keçmək fikrindədir. Bəzi fikirlərə görə isə Marselo bu xahişi son oyunlarda əsas heyətdə yer ala bilmədiyi və baş məşqçi Santyaqo Solari ilə münasibətlərinin gərgin olduğu üçün edib.

Marselo 2007-ci ildən “Real Madrid” klubunda forma geyinir. Müdafiəçi Madrid təmsilçisinin heyətində cari mövsümdə keçirdiyi 21 oyunda 3 qol, ümumi klubda keçirdiyi 473 oyunda isə 36 qol vurub. Marselo Braziliya millisinin heyətində isə 58 oyunda 6 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, müdafiəçi ilə “Real Madrid” arasında müqavilə 2022-ci ilin yayınadək imzalanıb.