08 avqust 2019 20:30
90

Marşrut avtobuslarında sanitar-gigiyenik tələblərə niyə əməl olunmur?

Sərnişindaşıma ilə məşğul olan avtobusların daxilində gündəlik təmizliyin aparılması sərnişinlərin təhlükəsizliyi üçün çox vacib şərtlərdəndir. Amma çox təəssüf ki, bu gün paytaxtımızda sərnişindaşıma xidməti sahəsində fəaliyyət göstərən bir sıra marşrut avtobuslarında təmizlik işləri aparılmır. Hətta bəzi avtobusların içərisində müxtəlif məişət tullantılarını, siqaret kötüklərini, oturacaqlarda isə illərdən bəri yığılan çirk və toz qalıqlarını aydın şəkildə görmək olur.

Halbuki, avtobus şüşələrinin üzərində “hər səhər dezinfeksiya olunur” cümləsi yazılır. Ancaq elə avtobuslar var ki, nəinki hər səhər, heç həftədə, hətta ayda bir dəfə də olsun təmizlənmir. Yaxşı haldır ki, “BakuBus” MMC-yə məxsus olan daşıyıcılarda belə anormal vəziyyət müşahidə olunmur. Çünki “BakuBus” MMC-yə məxsus avtobuslar hər zaman təmiz və səliqəli olur. Natəmiz vəziyyət isə ən çox sərnişindaşıma ilə məşğul olan köhnə daşıyıcılarda müşahidə olunur.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov mövzu ilə bağlı qəzetimizə açıqlamasında qeyd etdi ki, sərnişindaşıma xidmətlərini həyata keçirən bəzi avtobuslarda təmizlik işləri aparılmır: “Xüsusilə də yay fəslində bəzi avtobuslarda natəmizliyin vüsət aldığı müşahidə olunur. Bəllidir ki, avtobusda gün ərzində yüzlərlə sərnişin daşınır. Daşınan sərnişinlər arasında elələri ola bilər ki, avtobusun içərisini səliqəsiz hala salsın. Bu kimi hallar dəfələrlə yaşanır. Ancaq buna baxmayaraq, avtobuslar hər səhər sanitar-gigiyenik qaydalara uyğun olaraq təmizlənməlidir. Hər bir sərnişindaşıma xidmətini həyata keçirən şirkət rəhbəri avtobusların təmizliyinə cavabdehdir. Ancaq reallıqda isə vəziyyət başqadır. Bəzi avtobuslar nəinki dezinfeksiya olunmur, hətta günlərlə, həftələrlə təmizlənmir”.

Ə.Hüseynovun sözlərinə görə, sərnişindaşıma xidmətini həyata keçirən şirkətin maddi-texniki bazasının olması son dərəcə vacib amildir: “Avtobusların saxlanması üçün xüsusi qarajlar olmalıdır. Məlumat üçün bildirim ki, bu gün 40-dan çox daşıyıcı şirkət var. Ancaq o daşıyıcı şirkətlərdən yalnız 10-nun maddi-texniki bazası var. Digərlərinin isə qarajları yoxdur. Məlumdur ki, qaraj və xüsusi prosedurları yerinə yetirə biləcək şəxslər olmadığı halda, avtobus xəttə sanitar-gigiyenik tələblərə cavab verməyən durumda buraxılır. Bu səbəbdən də aidiyyəti qurumlar maddi-texniki bazaya malik olmayan daşıyıcı şirkətlərin avtobuslarına qarşı cərimə sanksiyaları tətbiq etməlidirlər. Məsələ qaldırılmalıdır ki, tələblərə cavab verməyənlərin lisenziyası əlindən alınsın”.

Cavid Əkbərov, “İki sahil”