03 dekabr 2020 21:57
955

Maskadan mütəmadi istifadə gündəlik həyat tərzimizə çevrilməlidir - Kamran Bayramov

«Hazırda dünyada koronavirus pandemiyası daha geniş vüsət aldıb. Azərbaycan dövləti qlobal pandemiya şəraitində də özünün vətəndaşın yanında olmaq ənənəsinə sadiq qalır. Təsadüfi deyil ki, ölkəmizin pandemiya ilə mübarizə gündəliyində insanların sağlamlığının qorunması əsas prioritetlər kimi müəyyənləşdirilib. Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən infeksiya ilə mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər edilib ki, xalqımız bu bəladan az zərər və minimum itki ilə çıxa bilsin.»

Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, hazırda Azərbaycanda koronavirusla mübarizə çərçivəsində əsas vəzifə xəstəliyin yayılmasının qarşısını almaq, bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaqdır. Virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb, xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub. Həmçinin xaricdə təhsil almış həkimlərin bu mübarizəyə cəlb edilməsi də təqdirəlayiq haldır. Onu da qeyd etmək lazımdır ki, əhalinin maarifləndirilməsi, tibb işçilərinin səfərbər edilməsi istiqamətində Ümumdünya Səhiyyə Təşkilatı ilə koordinasiyalı fəaliyyət də effektiv vasitələrdən biridir. Təbii ki, koronavirus pandemiyası hər bir ölkənin sosial-iqtisadi həyatına da özünün mənfi təsirini göstərib və göstərməkdədir. Bu baxımdan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə təsirini minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhalinin sosial təminatının yaxşılaşdırılması və pandemiya zamanı iqtisadi fəal qurumların, aztəminatlı insanların qorunması istiqamətində sosial-iqtisadi paket həyata keçirilməkdədir. Risk qrupu altında olan rayonlarda işləməyən ailələrə 190 manat müavinətlər ödənilir.

K.Bayramov diqqətə çatdırıb ki, xəstəxanalarımızda minlərlə virusa yoluxan vətəndaşlarımız müalicə alırlar. Əgər qəbul olunan qaydalara riayət etsək, tibbi göstərişləri düzgün həyata keçirsək, özümüzün və ətrafımızdakıların sağlamlığını düşünsək, yalnız ehtiyac olduğu təqdirdə yaşayış yerlərini tərk etsək pandemiya ilə mübarizədə qalib gələ bilərik. Dövlət başçısı İlham Əliyev də çıxışlarında bildirir ki, karantin rejiminin qaydalarına riayət etmək hamımızın vətəndaşlıq borcudur. Belə ki, sosial məsafəyə və şəxsi gigiyena qaydalarına lazımınca əməl edilməli, maskadan mütəmadi istifadə gündəlik həyat tərzimizə çevrilməlidir. Onu da qeyd edim ki, pandemiya şəraitində təhlükəli virusdan qorumağın ən effektiv üsulu tibbi maskalardan istifadə etməkdir. Çünki tibbi maska həm COVID-19 daşıyıcılarının ətrafa virus yaymalarının qarşısını alır, həm də onlarla təmasda olan, yaxın məsafədə dayanan insanların burun, ağız və müəyyən dərəcədə də üz nayihələrinə virus düşməsinə imkan vermir. Bütövlükdə hesab edirəm ki, hökumət tərəfindən qəbul edilən qərarlar çox vacibdir və vətəndaşları virusdan qorumağa xidmət edir. Bu qərarlar insanlarımızın daha məsuliyyətli olmasına və pandemiya ilə mübarizənin daha da güclənməsinə kömək edəcəkdir.

 

Şəmsiyyə Əliqızı, «İki sahil»