21 may 2020 10:35
181

Maskalanmış AXCP və “Milli Şura”nın “beşinci kolon” rolunu oynaması danılmaz həqiqətdir

Son vaxtlar şəxsi maraqları və ambisiyaları naminə milli mənafelərimizə zidd əməllərinin rəngini daha da tündləşdirən AXCP və “Milli Şura” adlı xəyanətkar antimilli dəstənin dərin mənəvi-psixoloji sarsıntılar burulğanında çırpındığı aşıq-aşkar görünür. Ölkəmizin karonavirus pandemiyası ilə səmərəli mübarizə apardığı bir vaxtda bu xəyanətkar şəbəkə bir qrup əqidədaşları ilə sosial şəbəkələrdə meydan sulayaraq öz təbliğatında respublikamızda iğtişaşlar yaratmağa, sabitliyin pozulmasına yönəlmiş birbaşa çağırışlar və fəaliyyətləri ilə dövlətə qarşı vuruşmaq yolunu tutublar. Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı bəyanat bunu bir daha təsdiq edir.

Azərbaycanda “beşinci kolon” rolunu oynayan AXCP-nin sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli kimilərin və onların tör-töküntülərinin burnunda hələ də ötən əsrin 90-cı illərinin “qoxusu” qalıb. O illərdə, tarixi torpaqlarımız olan Qarabağda erməni separatizminin tüğyan etdiyi bir dövrdə Azərbaycan Ali Sovetində “indi əsas məsələ Qarabağ deyil, hakimiyyət məsləsidir” deyərək ölkədə xaos, anarxiya yaradıb tankların və topların üstündə hakimiyyəti zəbt etmək üçün ən çirkin vasitələrə əl atan bu hakimiyyət, kreslo sevdalıları deyəsən, o vaxt baş verənlərin yaddaşlardan silinmədiyini unudurlar. XXI əsrin gerçəklikləri və reallıqlarını dərk edə bilməyən, heç bir nəzəri-ideoloji bazası olmayan, hərəkət paradiqmasında satqınlığın, xəyanətkarlığın, antimilliliyin cəmləşdiyi dağıdıcı düşərgənin başbilənləri üçüncü minilliyin həqiqətlərinə hələ də o dövrlərin gözü ilə baxırlar.

“Milli Şura”nın son vaxtlardakı fəaliyyəti ə.kərimlilərin, c.həsənlilərin, g.hacıbəylilərin və onların qulbeçələrinin əsl simasını, xaraktersizliyini, məzmun-mahiyyətini tam dolğunluğu ilə ortaya qoyur. Dağıdıcı müxalifətin fəaliyyət proqramında dəyişən yalnız öz şəxsi maraqları naminə gündən-günə gücləndirdikləri antimilli fəaliyyətdə təkamülü, evolvasiyanı rədd edərək zoru, pozuculuğu, anarxizmi daha da şiddətləndirmək naminə onu yeni “texnologiyalar”la zənginləşdirmək üçün ən məkrli və avantürist metodlardan istifadə edilməsidir. Bütün bunların isə birmənalı olaraq bu xəyanətkarların anti-Azərbaycançılıq fəlsəfəsinin imperativlərindən qaynaqlandığını desək, heç də yanılmarıq. Həmçinin erməni lobbisinin təsiri altında olan bəzi xarici təşkilatların və Azərbaycan əleyhdarlarının verdikləri pulların qarşılığında tələblərinin, basqı və həmlələrinin bu xəyanətkar dəstənin başı üzərində asılmış “Demokl qılıncı” olduğu da danılmaz faktdır.

Şəxsi ambisiyaları naminə bütün ali dəyərləri ayaqlar altına atan bu üzdəniraq satılmışlar öz xislətlərinə sadiq qalaraq dağıdıcı, qeyri-konstruktiv əməllərini şər-böhtanın, “qara piar”ın, ən başlıcası isə öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndiriblər. Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və anti-Azərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. Öz şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi siyasət dəllalları bütün mənəvi, əxlaqi dəyərləri tapdalayaraq Avropanın müxtəlif ölkələrində məskunlaşmış, məhdud siyasi təfəkkürlü, dar dünyagörüşlü, ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri düzgün təhlil edə bilməyən bəzi kəmsavad gəncləri tora salaraq öz məkrli məqsədlərinə alət etməkdən belə çəkinmirlər.

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov öz “facebook” səhifəsində yazıb ki, mövcudluq forması və həyat fəlsəfəsi antimillilik olan “beşinci kolon” müxtəlif adlar altında və formalarda maskalanır: “Azərbaycanda “beşinci kolon” funksiyasını Azərbaycan Xalq Cəbhəsi Partiyası və “Milli Şura” adlanan qurumun icra etdiyi hamıya bəlli olan həqiqətdir. Hər iki qruplaşmanın adında “xalq” və “milli” sözlərinin olması yəqin ki, diqqətdən yayınmadı. Maskalanmaq üçün bu iki sözdən daha uğurlusunu düşünmək çətindir. Ancaq hər kəs gözəl bilir ki, birincini xalqla, ikincini isə millətlə bağlayan heç nə yoxdur. Hər iki ifadə yuxarıda adıçəkilən qruplaşmaların antimilli mahiyyətini pərdələmək məqsədinə xidmət göstərir”.

Milli maraq və mənafeləri anti-Azərbaycan dairələrdən aldıqları beş-üç qəpik tulapayına satan, sosial bazası olmayan, bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən, xəyalpərəstliyə, ifrat subyektivliyə yuvarlanan dağıdıcı müxalifətin - “beşinci kolon” “liderciklərinin” əli hər yerdən üzüldüyünə görə fəaliyyətlərində bu gün Avropanın müxtəlif ölkələrində daldalanan, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xidmət orqanlarının toruna düşən savadsız, dünyagörüşsüz, ideya-syasi cəhətdən özünüdərkin sıfır nöqtəsində olan, milli düşüncədən məhrum olan Qənimət Zahid, Sevinc Osmanqızı, Tural Sadıqlı kimilərə üstünlük vermələri əslində bəzi qaranlıq məqamları gün işığına çıxardır. Bu xəyanətkarlar isə özlərini azərbaycanlı adlandırsalar da, xaricdəki düşmənlərimizin dərsləri və təlimatları ilə Azərbaycan dövlətçiliyinin, onun simvollarının əleyhinə şər-böhtan və təhqirlər yağdıraraq ölkəmizin beynəlxalq nüfuzuna qarayaxmağa çalışsalar da heç nəyə nail ola bilmirlər.

Əslində mənəvi-əxlaqi, ideya-siyasi cəhətdən ciddi rekonstruksiyaya ehtiyacı olan həmin “cəfakeş mühacirlər”in çirkin fəaliyyətlərinin əsasında da Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilərin və onların “əqidədaşlarının” anti-Azərbaycan, antimilli, satqın və xəyanətkar “ideyalar”ı dayanır. Məhz buna görə də cəmiyyətimiz dağıdıcı müxalifətin milli-mənəvi, etik-əxlaqi, ideya-siyasi cəhətdən lümpenləşmiş “liderlərini” - xəyanət generatorlarını birmənalı şəkildə rədd edir.

Zahid Rza, “İki sahil”