08 oktyabr 2019 12:15
85

Məcburi köçkün icmasının nümayəndələri hərbçilərlə görüşüblər

Sumqayıt şəhərindəki 12-ci mikrorayonda məcburi köçkünlər üçün salınmış qəsəbədə fəaliyyət göstərən icma şurasının üzvlərindən bir qrupu Füzuli rayonu ərazisində yerləşən hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, icma şurasının sədri, Laçın rayonundan olan məcburi köçkün Qəzənfər Hüseynov görüşdə çıxış edərək, müharibədən əziyyət çəkən, doğma yurdundan didərgin düşən insanlara hərtərəfli dövlət qayğısının göstərildiyini diqqətə çatdırıb. O, icma şurasının məram və məqsədləri barədə məlumat verib, gənclər arasında vətənpərvərliyin, müstəqil dövlətçilik ideyalarının və sağlam həyat tərzinin təbliğinin qarşıya mühüm vəzifə kimi qoyulduğunu bildirib. İcma şurasının, əsasən, şəhid ailələrinin üzvlərindən, müharibə əlillərindən və veteranlarından təşkil olunduğunu vurğulayan Q.Hüseynov onların ön cəbhədə düşmənlə üz-üzə dayanan hərbçilərimizə mənəvi dəstək verməyə gəldiklərini qeyd edib.

Görüşdə çıxış edən Qarabağ müharibəsi veteranları bu gün Azərbaycan ordusunun yüksək döyüş qabiliyyətinə və zəruri maddi-texniki bazaya malik olmasından qürur hissi keçirdiklərini, onların işğal altındakı torpaqları tezliklə azad edəcəklərinə əmin olduqlarını söyləyiblər.

İcma şurasının üzvləri hərbi xidmətdə xüsusilə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər.

Görüş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.