06 fevral 2019 21:08
111

Məcburi köçkünlər üçün səyyar oftalmoloji müayinə təşkil edilib

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin, o cümlədən məcburi köçkünlərin sağlamlığının qorunması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.

Prezident İlham Əliyevin tapşırığı ilə hər il əhalinin pulsuz tibbi müayinədən keçirilməsi üçün zəruri tədbirlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən, müayinə və müalicə imkanları məhdud olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin sağlamlığının bərpasına daim diqqət və qayğı göstərir.

Ölkəmizdəki mərhəmət və humanizm ənənələrinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 6-da Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki yeni yaşayış kompleksində məcburi köçkünlər üçün səyyar ödənişsiz oftalmoloji müayinə aksiyası keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, müayinə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası tərəfindən aparılıb, pasiyentlərə ixtisaslı yardım göstərilib.

Milli Oftalmologiya Mərkəzindən verilən məlumata görə, aksiya çərçivəsində 183 məcburi köçkün müayinədən keçib, onlara ilkin diaqnoz qoyulub, zəruri hallarda eynək təyin edilib. Müayinə olunanlar arasında miopiya, astiqmatizm, katarakta, hipermetropiya, allergik konyunktivit və quru göz sindromu xəstəlikləri daha çox aşkarlanıb.

Qeyd edək ki, dövlət komitəsinin təşəbbüsü ilə Türkiyənin məşhur “Dünyagöz” klinikasının Bakı filialının həkim briqadası ötən il “Qobu park” yaşayış kompleksində səyyar ödənişsiz oftalmoloji müayinə keçirib. Bundan başqa, akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası da dövlət komitəsinin təşəbbüsünü dəstəkləyərək, Binəqədi rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya təşkil edib.

Regionlarda da humanitar aksiyalar həyata keçirilib. Şəki şəhərində məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində dövlət komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə keçirilmiş sağlamlıq aksiyasında müxtəlif ixtisaslı 11 həkimdən ibarət briqada ümumilikdə 100-dən çox sakinə tibbi xidmət göstərib.

Məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də tibbi aksiyalar keçirilməsi nəzərdə tutulub.