07 avqust 2019 20:21
139

M.Əhmədoğlu: Ermənistan ordusunda vəziyyət olduqca bərbaddır

“Son vaxtlar Rusiya-Ermənistan münasibətlərində pozitiv qəbul edilən heç bir hadisə baş verməyib”.

Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu ötən gün keçirdiyi mətbuat konfransında bildirdi.

M.Əhmədoğlu söylədi ki, Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçiy Yerevanda olarkən Ermənistanda rus dilinə münasibətin pis olduğunu açıq bildirdi: “Ermənistanın baş naziri Nikol Paşinyan V.Sadovniçiyin yanında “Ermənistan-Rusiya münasibətləri yaxşı olub, yaxşıdır və gələcəkdə də yaxşı olacaq” bəyanatını verməsinə baxmayaraq, reallıqda onun Rusiyaya qarşı münasibətində neqativliklər var. Bəlli olur ki, N.Paşinyan sadəcə üzdə Rusiya ilə bağlı müsbət fikirlər bildirir. Reallıqda isə N.Paşinyanın məqsədi ciddi surətdə antirusiyaçılıq nümayiş etdirməklə beynəlxalq aləmdə Rusiyanın əleyhinə olan qüvvələrin diqqətini cəlb etməkdir”.

M.Əhmədoğlu qeyd etdi ki, ötən ay İcevan rayonunda sosial tələblərlə bağlı keçirilən aksiya Ermənistanda daxili vəziyyətin sabit olmadığının göstəricisidir: “İcevan N.Paşinyanın doğulub böyüdüyü regiondur. Orada gərginlik o səviyyədədir ki, hətta N.Paşinyanın atasının evinin qarşısında artıq polislər növbə çəkir. Bir qrup icevanlı meşədən odun gətirərkən polislər tərəfindən yaxalandı. Polislər həmin icevanlılara köməyə gələn əhalinin qarşısını almaq məqsədilə onları təhqir etdilər və zorakılığa əl atdılar. Sonradan əhali polis rəisini və Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin rəisini bir müddət İcevandan çıxmağa qoymadılar. Faktiki olaraq İcevanda belə hadisələrin baş verməsi Ermənistan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir”.

M.Əhmədoğlu söylədi ki, bəzi erməni mətbu orqanları artıq Ermənistan ordusunda baş verən ölüm hallarını, xaos və anarxiyanı ciddi şəkildə müzakirə edirlər: “Faktlar sübut edir ki, Ermənistan ordusunda son dövrlərdə ölən hərbçilərin demək olar ki, hamısı öz hərbçi yoldaşları tərəfindən qətlə yetirilib. Bütün bunlar göstərir ki, Ermənistan ordusunda vəziyyət olduqca bərbaddır”.

Cavid Əkbərov, “İki sahil”