14 avqust 2019 20:08
2483

Mehriban xanım Əliyeva rəhm, mərhəmət, şəfqət, xeyirxahlıq mücəssəməsidir

Məlum olduğu kimi, bu gün Azərbaycan dünya ölkələri ilə münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurub və bu əlaqələr bir çox sahələri əhatə edir. Ölkəmiz dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə əlaqələri də daim diqqətdə saxlayır. Göründüyü kimi, son zamanlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən bir sıra müqavilələr və sazişlər imzalanıb. Bu münasibətlər artıq yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin daha da genişlənməsinə gətirib çıxarır. Sözsüz ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da bu münasibətlərin inkişafında xidmətləri misilsizdir. Elə bu günlərdə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunması da bunun əyani sübutu oldu.

Milli Məclisin deputatı Eldəniz Səlimov qəzetimizə açıqlamasında bildirdi ki, Mehriban Əliyevanın titanik fəaliyyəti bütün mükafatların - ali və fəxri titulların, ən yüksək orden və medalların hamısını haqq edir: “Çünki Mehriban Əliyevanın fəaliyyəti o qədər çoxşaxəli, çoxistiqamətli, çoxtərəfli və müstəsnadır ki, bütün mükafatlar o fəaliyyətin, o əməyin, o zəhmətin kölgəsində qalır. Mehriban xanım öz fəaliyyəti ilə nəinki Azərbaycan cəmiyyətinin, bütövlükdə dünyanın təqdirini, müsbət reaksiyasını, sevgisini qazanıb. Onun fəaliyyəti nəinki Azərbaycanla məhdudlaşır, əksinə, dünyanın hər bir yerində görünür, bilinir, tanınır, qiymətləndirilir. Bütün dünya Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirir. Çünki bu, belə də olmalıdır. Çünki bunun arxasında, təməlində konkret fəaliyyət, rəhm, mərhəmət, xeyirxahlıq, şəfqət dayanır. Harada bir problem, humanitar fəlakət yaşanırsa, ilk yardım əlini uzadan, şəfqət, mərhəmət göstərən məhz Mehriban xanım və onun ləyaqətlə, şərəflə rəhbərlik etdiyi Heydər Əliyev Fondu olur. Mehriban xanım bu gün dünyanın rəhm, mərhəmət, şəfqət mücəssəməsidir. Təbii ki, bu fəaliyyət də öz dəyərini, qiymətini hökmən almalıdır və alır da. Bu günə kimi bir neçə dövlətin və beynəlxalq təşkilatın ən ali mükafatları, orden və medalları ilə təltif olunan Mehriban xanım xalqımız üçün son dərəcə əlamətdar olan Qurban bayramı günlərində daha bir mükafatını, özü də haqq etdiyi mükafatını aldı, Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin Fərmanı ilə “Dostluq” ordeninə layiq görüldü. Bayramımıza daha bir bayram, daha bir əlamətdar hadisə qatılmış oldu. İnanıram və qəti şəkildə əminəm ki, bu mükafat, bu orden Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etməsinə və geridönməz xarakter almasına öz töhfəsini verəcək, iki ölkə və dövlət arasında münasibətlər inkişafın ən yüksək, pik həddinə çatacaq. Bu münasibətlə Mehriban xanımı təbrik edir, ona yorulmaz fəaliyyətində növbəti uğurlar arzulayırıq. Qarşıdan həm də daha bir əlamətdar hadisə - Mehriban xanımın doğum günü gəlir. Azərbaycanın birinci xanımını bu münasibətilə də səmimi qəlbdən təbrik edir, ona uzun, sağlıqlı ömür, yeni zəfərlər arzulayırıq. Mükafatınız, dəyəriniz və doğum gününüz mübarək olsun, Mehriban xanım!

Mənsumə Babayeva, “İki sahil”