16 sentyabr 2019 12:08
759

Məktəblər bağlandı, hava limanı işini dayandırdı

İndoneziyanın Qərbi Kalimantan və Riau əyalətlərində meşə yanğınları tüğyan edir.

Publika.az xəbər verir ki, yanğınlardan çıxan qatı dumana görə bir çox təyyarə reysləri ləğv olunub.

“Republika” qəzetinin məlumatına görə, Supadio Hava limanı 37 səfəri dayandırmaq məcburiyyətində qalıb. Riau əyalətində isə 3 hava limanı işini təxirə salıb.

Səlahiyyətli şəxslər görmə məsafəsi normallaşana qədər təyyarələrin enməsinə və qalxmasına icazə verilməyəcəyini bəyan edir.

Bununla yanaşı, qatı duman əyalətlərdə sakinlərin gündəlik həyatına və sağlamlığına mənfi təsir göstərib. Riau əyalətinin paytaxtı Pekanbaruda məktəblər iki günlük tətil elan edib. Ölkənin müxtəlif yerlərində meşə yanğınlarının nəzarətə alınması üçün havadan və qurudan müdaxilələr edilir.

Yanğına səbəb olaraq may-sentyabr aylarında yaşanan quraqlıqla yanaşı, fermerlərin dövlətin icazəsi olmadan ərazilərini genişləndirmək məqsədilə sahələri yandırması da göstərilir.