10 sentyabr 2019 11:18
223

Məlahət İbrahimqızı: Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə dəyərləndirməsi dünyanın diqqətindədir

Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar mərkəz kimi tanınır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər  malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı,  beynəlxalq aləmdə tutduğu mövqeyə də işıq salır. 

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri  Məlahət İbrahimqızı Bakıda keçirilən  Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası ilə bağlı fikirlərini belə açıqladı:

-Bildiyiniz kimi, dünyada bir çox təşkilatlar dövlətlərarası münasibətlərin tənzimlənməsinə və  əməkdaşlığın inkişaf etdirilməsinə böyük töhfələr verirlər.  Bu töhfələr iqtisadi, siyasi, sosial və humanitar sahələri əhatə edir.  Bu təşkilatlardan biri də  Asiya Siyası Partiyaları Beynəlxalq Konfransıdır.  Gələn il yarıdılmasının 20 illiyini qeyd edəcək   İCAPP  Asiya və Okeaniyanın 70-dən çox ölkəsinin  300-dən artıq  siyasi partiyasının təmsil olunduğu, ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük töhfələr verən uğurlu platformadır. Qurumun  müasir dünyamızı düşündürən aktual çağırışlara xüsusi diqqət yetirməsi  təqdirəlayiqdir. İCAPP  həm çox, həm də  ikitərəfli  əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradan təşkilatdır.

Azərbaycanın balanslı, bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsiplərinə əsaslanan xarici siyasət kursu həyata keçirdiyini xüsusi vurğulayan M.İbrahimqızı bildirdi ki, ölkəmiz bir çox beynəlxalq təşkilatların fəal üzvüdür: “Azərbaycan İCAPP-ın da  fəal üzvü kimi diqqətdədir. Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycan müxtəlif mədəniyyətlər, sivilizasiyalar  arasında körpü rolunu oynayır.  Azərbaycanın müxtəlif beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsində bu amilin rolu xüsusi qeyd olunur. Bu faktı da  xüsusi qeyd etməliyik ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dünyada  yeganə  xoşməramlı  səfirdir ki, həm UNESKO-nun, həm də  İSESKO-nun xoşməramlı səfiridir.  Bu, Azərbaycanın multikultural dəyərlərin, sivilizasiyaların inkişafına böyük töhfələrinin göstəricisidir.   Mehriban xanım Əliyeva hər iki müstəvidə uğurlu addımlar atır, davamlı töhfələri ilə diqqətdə olur. Azərbaycan   İCAPP-da  Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkə kimi əhəmiyyətli rol oynayır.   Ölkəmizin, eyni zamanda, bölgənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası İCAPP yaranandan   onun fəal üzvüdür.  Baxmayaraq ki, qurumda çox güclü dövlətlər təmsil olunurlar,  Azərbaycanın  xüsusi fəallığı daim  İCAPP rəhbərliyi  tərəfindən yüksək dəyərləndirilir.  YAP qurumun qəbul etdiyi qərarlarda fəal iştirak edir.  Yeni Azərbaycan Partiyasının İCAPP-da  yeri və rolu ümumilikdə Azərbaycanın, dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasətinin Asiya qitəsinə töhfələrinin aydın mənzərəsini yaradır.  Ölkəmizdə  İCAPP-ın  müxtəlif səviyyələrdə tədbirləri keçirilir. 2012-ci ildə Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının “Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq” mövzusunda VII Baş Assambleyasının keçirilməsi, həmçinin ölkəmizin təşəbbüsü ilə qurumun  Qadınlar və Gənclər  qolunun yaradılması və sair kimi tədbirlər  əməkdaşlığın hansı səviyyədə olmasına  işıq salır.”

Deputat onu da  bildirdi ki,  əməkdaşlığın inkişaf göstəricilərindən biri kimi  İCAPP-ın Baş Məclisinin qəbul etdiyi qərarlarda yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı  Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsini,  Ermənistanın işğalçılıq siyasətinin pislənildiyini xüsusi qeyd etməliyik: “Qurumda təmsil olunan ölkələrin nümayəndələri  münaqişənin əsl mahiyyətinin ölkələrində təbliğində fəal iştirak  edirlər.  Elə bu kimi mühüm addımların və uğurların  nəticəsidir ki,  baxmayaraq Ermənistanın bir çox təşkilatları  İCAPP-ın üzvüdür, onlar qurumun tədbirlərində  çox az iştirak edirlər.  Dərk edirlər ki, onlar bu təşkilatda  ancaq işğalçı dövlətin təmsilçiləri kimi  qınağa çevriləcəklər.  Təbii ki, belə halda onların tədbirlərə qatılmaları çox çətindir.”

M.İbrahimqızı qeyd etdi ki, Bakıda  Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının keçirilməsi də əlaqələrimizin bugünkü  inkişaf səviyyəsinin göstəricisidir. İclaslar üçün seçilən “Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi” mövzusu müasir dünyamızın əsas çağırışları sırasındadır. Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə dəyərləndirməsi  dünyanın diqqətindədir. Düşünürəm ki, bu tədbirlər İCAPP-YAP əlaqələrinin yeni prioritetlər üzrə inkişafına böyük dəstək  olacaq.

Yeganə Əliyeva,

“İki sahil”