15 noyabr 2019 19:48
1146

“Mən, Azərbaycan Respublikasının vətəndaşı...”

Sərin-sərin əsən mehin ağacların yarpaqlarını tərpətməyə gücü çatmır. Göy üzündə bircə əlçim də olsa bulud yoxdu. Çöl-çəmənin otları saralmasaydı, ağacların yarpaqlarına sarılıq düşməsəydi, elə bilərdin yaz  fəslidi, payızın son ayında yazın ilk ayının ovqatı yaşanılır.

Hərbi hissənin Nəzarət-Buraxılış Məntəqəsinin qarşısı qələbəlikdi. Baxışlarda kövrəklik qarışıq bir intizar görünür. Narahatlıqla Nəzarət-Buraxılış Məntəqəsinin o üzünə boylanmaq istəyənlərin özü də bilir ki, bu kövrəkliyin də, bu intizarın da sonuna dəqiqələr qalıb. Bilsə də ürəyinə hökm etməyi bacarmır; elə bilirlər ki, vaxt ləng ötüşür.

Qələbəlikdə bir nizamsızlıq da var. Kimi narahatlıqla gəzişir, kimi bir həmsöhbət ümidiylə var-gəl edir, kimi xəyallarının cazibəsindədi. Bu qələbəlik də, qələbəliyin nizamsızlığı da bu günün mahiyyətinə görədi: - gənc əsgərlərin andiçmə mərasimidi, Andiçmə mərasimi “Açıq qapı” günü ilə tamamlanacaq. Belə tədbirlərdə ictimaiyyətin, ictimai təşkilatların nümayəndələri də iştirak edir. Bu, ordu-cəmiyyət münasibətlərinin mənəvi bağlılığını daha da möhkəmləndirir, ictimaiyyətin orduya inamı, güvənci daha da artır, ordu ictimaiyyətə daha dərin duyğularla arxalanır.

Valideynlərin incə kövrəkliyi də, o kövrəklikdən çətinliklə seçilən intizar da anlaşılandı, bu anları yaşamağın intizarında olanlar da var. Gənc əsgər Hərbi and içəcək - bu, hərbi xidmətdə də, hərbi xidmətdən sonra mülki həyatda da qürurla, şükranlıqla, sevgilərlə yaşadılır. Tədbir bu xarakterinə görə əlamətdardır. Bir azdan gənc əsgərlər hərbi hissənin zabitlərinin, əsgərlərinin, tədbirə gəlmiş valideynlərin, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi təntənədə Hərbi and içəcək - Vətənə, dövlətə, dövlətçiliyə sədaqətli olacağına, Hərbi Nizamnamələrin tələblərinə ciddi əməl edəcəyinə, komandirlərinin, zabitlərin əmr və tələblərini, göstərişlərini sözsüz, məsuliyyətlə, vaxtında yerinə yetirəcəyinə,...

Tədbir bir azdan başlayacaq. Hansı duyğuların təsiriyləsə iki ananın söhbətinə ayaq saxlayıram. Bir azdan öyrənəcəm ki, Səmayə Qurbanova Qazax rayonundan gəlib, oğlu 6 aydı hərbi xidmətdədi, burada tanış olduğu gənc əsgər anasına - Sədaqət Həsənovaya deyirdi:

Oğlum burada xidmət edir. “Açıq qapı” gününə gəlmişəm. Komandirindən xahiş edəcəm ki, valideynlərə belə  şərait yaradıldığına görə bizim adımızdan Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür etsin, - həmsöhbətinə gözdolusu baxır. - Andiçmədə doyunca sevinməyə macalın olmur. Necə gözəl anlar olduğunu az sonra dərk edirsən. Bəlkə də ilk baxışda onu hərbi paltarda tanımayacaqsan. Hərbi and içəndən sonra sənə elə gələcək ki, oğlun qısa müddətdə boy atıb. Fərəhdən ürəyin dağa dönəcək...

Tədbir başlayır.

Zabit Babək Səmidli son illərdə ordumuzda həyata keçirilən islahatlardan, ordu quruculuğundan, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsinin yüksəlməsindən  söz açaraq deyir:

2016-cı ilin Aprel döyüşləri, qazanılan qələbələr təsdiqlədi ki, Azərbaycan Ordusu güclüdür, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu qadirliyi Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradlar da təsdiqlədi. Ordumuzun şəxsi heyəti də, ictimaiyyət də əmindir ki, Böyük Qələbənin paradı daha möhtəşəm olacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməsə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçi şəhərində ictimailəşdirdiyi bəyanat - “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” - döyüş əmrilə tamamlanacaq.

Zabit çıxışının sonunda deyir:

Bu əlamətdar, yadda qalacaq gün münasibətilə gənc əsgərləri də, onların valideynlərini də, əzizlərini də təbrik edirəm. İnanıram ki, bu gün Hərbi and içən əsgərlər də nümunəvi xidmət edəcəklər, zabitlərin əmr və tapşırıqlarını məsuliyyətlə yerinə yetirəcəklər.

Valideynlər adından Çoşqun Paşalı danışaraq deyir:

Bu gün Hərbi and içən əsgərlərin də, xidmət edən əsgərlərin də  ataları ya Ermənistanın elan etmədən başladığı müharibənin iştirakçısı olub, ya da müstəqil Azərbaycan Ordusunda xidmət edib. Yəni, bu günün əsgərlərinin ataları ordumuzun 25-30 il əvvəlki səviyyəsini də görüb. O dövrlə bu dövrü, o dövrdəki şəraitlə bu dövrdəki şəraiti, o dövrdəki silahlanmayla bu dövrdəki silahlanmanı müqayisə etmək mümkün deyil. Əziz oğularım, siz güclü, qüdrətli bir orduda xidmət edirsiniz. Dövlət sizə hər cür yüksək şərait yaradıb. İnanıram ki, siz də Hərbi Nizamnamələrin tələblərinə əməl edəcəksiniz. Ona da inanıram ki, biz sizin xidmətinizlə qürurlanacağıq, əsgər atası adıyla qürurlandığımız qədər qürurlanacağıq...

Gənc  əsgərlər adından çıxış edən Əli Sultanlı deyir:

Çağırış yaşlarında hər birimiz hərbi xidmətlə yaxından maraqlanırdıq. Hərbi xidmətə başlayanda bildik ki, tərxis olunanların söhbətləri, xatirələri bizi hərbi xidmətə hazırlayırmış.  Gün gələcək, bizim söhbətlərimiz, xatirələrimiz çağırışçıları hərbi xidmətə hazırlayacaq. Komandirlərimizi, valideynlərimizi əmin edirəm ki, Hərbi Nizamnamələrin tələblərinə ciddi əməl edəcək, əmrləri, tapşırıqları məsuliyyətlə, sözsüz, vaxtında yerinə yetirəcəyik...

Gənc əsgərlərin Hərbi andiçmə mərasimi təntənəli keçidlə tamamlanır, “Açıq qapı” günü ilə davam edir...

...Payızın son ayında yazın ilk aylarının ovqatı var...

Rəşid Faxralı