13 fevral 2020 10:41
433

Mən nəyə və niyə təəssüfləndim?

Mən  Azərbaycan Dillər Universitetində təhsil alıram. Hal-hazırda 3-cü kurs tələbəsiyəm Tələbə adını qazandığım andan artıq məqsədlərimin birinə nail olduğumu hiss etmişəm. Arzum da odur ki, hər bir gənc buna nail olsun. Heç kimin arzusu, əziyyəti heç vaxt yerdə qalmasın.

Mən ilk tələbəlik illərimdən bu günə gədər bir çox şeyləri görüb, eşidib, öyrəndim.  Xoş anlarla həyatımız dolu ola bilər, lakin təəssüflər ki, heç kim xoşagəlməz anlardan sığortalanmayıb. Mən belə anları həm də “həyat dərsi” adlandırıram. Bəli, gün ərzində biz ancaq məktəb, lisey, universitet və s. kimi yerlərdə “təhsil” almırıq. Bizim həyatımızın özü böyük bir “təhsil ocağıdır”.

Bu həyatda “hər bir çabanın, qoyulan məqsədin dalınca gedəndə, ruhdan düşmədən, səbrlə işini görən, bəhrəsini də görər” deyiminə inananlardanam və bu məqamda şahidi olduğum bir əhvalatı sizinlə bölüşmək istərdim.

Adi günlərdən biri, dərsdən çıxıb, dayanacaqda rəfiqəmlə marşrut avtobusunu gözləyərkən, marağımızı bir hadisə cəlb etdi. Dialoq iki yaşlı kişi və bir əcnəbinin arasında  gedirdi. Diqqəti cəlb edən isə ağsaqqallardan birinin  digərinə dediyi söz oldu. Sakitcə arxaya dönüb gördüm ki, cavan  oğlan belində çantası, gözlərində isə “kim kömək edər” ifadəsi ilə ora-bura baxır. İlk cəhd edib yaxınlaşdığı adamlar həmin iki yaşlı kişi idi. O,  sadəcə, aeroporta necə gedəcəyini soruşurdu. Hər cür çalışırdı ki, onlar onu başa düşsünlər.

Ağsaqqallardan biri “Aeroporta burdan nə gedir deyirsən, a bala?” soruşub yol göstərmək istəyəndə, ikinci şəxs dərhal öz dostuna tərəf dönüb “Ay kişi, sənə lazımdı indi buna bir saat yolu başa salmaq?” deyib, onu kənara çəkdi.

Əcnəbi dilimizi başa düşmədiyindən ilk öncə düşündüyü o oldu ki, onlar ona yolu başa salmağa çalışırlar. Bir müddət sonra gördü ki, heç də yolu başa salana oxşamırlar. Həmin an sadəcə, o insanın özünü necə itirib, o yana-bu yana vurnuxduğunu görmək lazım idi.

Rəfiqəmlə mən əcnəbi qonağa yaxınlaşdıq, ona kömək etmək istədik. Biz də həmin istiqamətdə, metroya tərəf gedirdik və əcnəbi oğlana bizimlə birlikdə getməyi təklif etdik. Metroda qatarın gəlməyini gözləyərkən oğlan bizə dəfələrlə təşəkkür edirdi. Biz ondan təyyarənin vaxtını soruşduq. O, cavabında biletini çıxardıb bizə təqdim etdi. Sonra özü barədə danışdı.

Öyrəndik ki, onun 24 yaşı var. İlk dəfədir başqa ölkəyə səfər edib. Səyahət etmək, müxtəlif ölkələrlə tanış olmaq və digər bu kimi arzuları var.  Həmin gün geri qayıtmalı idi. Təyyarə iki saatdan sonra yola düşəcəkdi. Bakıda ilk dəfə olduğundan çətinlik çəkirdi. Onu da bildirdi ki, Bakiya işlə əlaqədar gəlib.

Biz ondan şəhərimiz barədə təəssüratlarını öyrənmək istədik. Qonağımız Bakı haqqında xoş sözlər söylədi: “Şəhər çox gözəl, iki gün ərzində gəzdiyim yerlər çox olmasa da, gördüyüm hər yeri çox-çox bəyəndim.”

Nəhayət, lazım olan stansiyaya çatdıq. Biz qonağı sona qədər yola salmağa qərar verdik. Onunla birlikdə çıxışa tərəf yollandıq. Dayanacaqda olan taksi sürücüləri əlbəttə ki, bir əcnəbi görərkən, şanslarını “sınamağa” cəhd etdilər. Biz onlardan aeroporta gedən avtobusun harada dayandığını soruşduq. Sürücülərdən biri dərhal cavan əcnəbiyə yaxınlaşaraq, onunla getməyə təklif etdi və “taksi ilə daha tez və komfortla istədiyiniz nöqtəyə sizi çatdıraram” dedi. Aeroporta avtobusun işləmədiyini söylədi.

Bu təklifi dəyərləndirərək, öncə qiymətini soruşduq. Cavabı isə belə oldu: “20 manat xanım. Onun üçün hələ az deyirəm, vallah”.

Təəssüfümün mahiyyəti göz qabağında olduğundan artıq bu cümlələrlə də yazımı bitirə bilərdim.

Lakin bu, son deyildi...

Azərbaycan dilini bilməsə də əcnəbi onların məqsədini anladı. O, cibindən 5 manat çıxarıb bizə başa salmağa çalışdı ki, ancaq bu qədər pulu qalıb, ona görə də avtobusla getmək istəyir və bizə problem yaratmaq istəmir. Əcnəbi qonaq bizə təşəkkürlərini bildirib getmək istədi. Elə bu an qıraqdan bizi izləyən və söhbətin şahidi olan bir tələbə oğlan sakitcə yaxınlaşıb bizə dedi ki, servis işləyir, sadəcə taksi sürücüləri öz mənafelərinə görə belə edirlər. O, bizə sözügedən servisin yerini göstərdi. Artıq bu, sevindirici bir hal idi.

Dekabr ayı olduğundan hava çox soyuq idi. Əcnəbinin geyimi isə çox nazik idi...

Bəziləri düşünür ki, hər hansı əcnəbi başqa ölkəyə gəlirsə, demək “pula pul demir”... Kim gəldisə ölkəmizə, bacardığımız gədər qazanaq.

Bu bizə yaraşmır axı... Harada qaldı Azərbaycanın bütün dünyaya təqdir olunan qonaqpərvərliyi?

Unutmayaq ki, bir çox dövlətlərin həsəd apardığı Azərbaycan həmişə müxtəlif millətlərin mehriban yaşadığı tolerant bir ölkə kimi dünyada tanınıb. Gəlin bu gözəl simamızı itirməyək!

Nərminə İsmayılova, tələbə