04 fevral 2019 10:54
305

“Mən öləndə Şaxandanda basdırın...”

İmaddədin Nəsimi Azərbaycan xalqının zülmə, istibdada, köləliyə və cəhalətə qarşı çıxan şairlərindəndir. Əsrinin böyük mütəfəkkiri olan şairimiz Şamaxıda dünya ilə görüşə gəlib, həyat və yaradıcılığının bir hissəsi bu şəhərlə sıx bağlı olub.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) qədim dövr Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, məşhur Nəsimişünas Əli Fəhmi böyük şairin həyat və yaradıcılığını sevə-sevə tədris edir, onu tələbələrinə də sevdirirdi. Əli Fəhmi onun qəzəllərini saatlarla və əruz vəzninin özünəməxsus ahəngi ilə elə gözəl söyləyirdi ki, hamımız diqqət kəsilirdik. Sevimli müəllimimiz deyirdi ki, Nəsiminin Şahxəndan adlı böyük qardaşı vaxtsız vəfat etdiyindən bu ölüm onu sarsıtmış, bir çox qəzəllərində onu anmışdı. Şahxəndan el-obada güclü təsirə və hörmətə malik olduğundan onun dəfn olunduğu qəbiristanlığı “Şaxandan” (Şahxəndan) adlandırmışdılar.

Nəsimi bədii vəsiyyətnaməsində belə yazıb: Mən öləndə Şaxandanda basdırın, Çünki onun Şahidi-Xəndanı var.

Şahxəndanın dəfn olunduğu yer müqəddəs sayıldığı üçün dövrünün üləmaları, hörmətli şəxsiyyətləri də “Şaxandan qəbiristanlığı”nda dəfn olunurdular. Bu, o zaman böyük şərəf sayılırdı. Yada salaq ki, Azərbaycan ədəbiyyatının məşhur simalarından biri olan şair Seyid Əzim Şirvani və bir çox tanınmış şəxsiyyətlər bu qəbiristanlıqda dəfn olunublar.

İmadəddin Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan,  əruz vəznində yazdığı qəzəllərində daim insanın əzəmətini, insani məhəbbəti, ilahi eşqi  və şəxsiyyət azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və obrazlı şəkildə,  təşbihlərlə, bənzətmələrlə  daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri xüsusi qeyd olunmalıdır. Şairin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını  rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin təkamülünə qüvvətli təsir göstərib.

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması keçən əsrin yetmişinci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.  Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. O dövrdən başlayaraq Nəsimi irsinin  daha əhatəli araşdırılması istiqamətində mühüm tədbirlər görülüb.

Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılıb, “Nəsimi” adlı baxımlı bədii film çəkilib, həmçinin paytaxtımızın mərkəzində şairin əzəmətli heykəli ucaldılıb, görkəmli şairin adına gözəl bağ salınıb, Bakının ən böyük rayonlarından biri onun adını yaşadır.  Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu da Nəsiminin adını özündə əbədiləşdirib. Bütün bunlar bir daha sübut edir ki, şairin yaradıcılığı və həyatı həmişə diqqətdə olub və 2019-cu ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Nəsimi İli” elan edilməsi də bu diqqətin məntiqi davamıdır.

Vəli İlyasov, “İki sahil”