20 may 2019 10:51
4759

Mən sənə qurban, LAÇIN...

Bağçaları  sarı gül...

Yarı qönçə, yarı gül...    

Gec açıldın, tez soldun,

Olmayaydın barı gül...

Haradansa yaddaşımın uzaq küncündən Akif İslamzadənin unudulmaz  səsi ilə insanın iliklərinəcən işləyən “Laçın” mahnısının sədaları  ağı kimi gəlir qulağıma...Bu nə boyda bir acı qubardır yerləşib bir mahnının musiqisinə? Bu nə ipləmə bir darıxmaqdır belə - sadə, amma  bir o qədər də möhtəşəm bir türkünün sözlərinin alt qatına gömülüb? Bəlkə, dünyanın ən dözülməz ruhi sıxıntılarından biri də ömründə görmədiyin, ən son görənlərin də 27 il əvvəl mayın 18-də zorən vidalaşdığı dost-doğma, canparçası bir şəhər üçün darıxmaqdır.

Laçın işğal ediləndə kiçik bir qızcığaz idim. Aradan standart vaxt ölçüsü ilə sayılmayacaq  qədər necə uzun zaman ötdüsə, Laçının işğal müddəti böyüdü, böyüdü və bu böyüməmiş artıq 27 yaşına gəldi. Öz yaşlanmağımız bir yana, Laçının işğal müddəti  yaşlanır artıq.

Boğazımda düyümlənən 27 illik qəhəri uda bilmirəm, bərkiyib artıq. Ağlanacaq kimi də deyil, udulacaq kimi də. Həyatın ən barışmaz həqiqətlərindən biri də  bəzən  beləcə, bərkimiş daş kimi qəhərlə yaşamaqdır. Laçında məhv edilən insanlarımızı, dağıdılan maddi-tarixi abidələrimizi, zorlanan namusumuzu, sındırılan qürurumuzu hər il  bircə-bircə xatırlatmaqdan daha absurd şey yoxdur indi yer üzündə. 

Bunun yanında icazə verin ermənilərin keçən il başlayıb hazırda Laçında tikintisini davam etdirdikləri otel, supermarket və şadlıq evinin inşasını yadınıza salım. Bir də izin verin onu da xatırladım ki, Azərbaycanın Laçın rayonunun  Hüsülü kəndində “Məlik Aykaz sarayı” adlandırılmış (!)  məşhur qədim Həmzə Sultan sarayına bənzər kompleksin tikilməsi də nəzərdə tutulur.  Ermənilər hələ 2007-ci ildə Həmzə Sultan sarayının qalıqları üzərində otel tikiblər. İndi isə həyasızlıqlarının sərhədi kimi o tikintini də genişləndirib kompleks etməyi düşünürlər. Kompleks ərazisində mehmanxana, supermarket, şadlıq evi və əyləncə mərkəzi olacaq. Yəni kompleks bitəndə işğalçılar mənfur Paşinyanın qədim Şuşamızda atılıb-düşdüyü kimi indi də Laçında oynayıb əylənəcəklər. Sizə də ağırdır, ağrıdır, elə deyilmi?  Bəs yolu nədir? Hər il işğalın ildönümündə xatırlayıb sızlayıb bununla işimizi bitmiş hesab etməkmi?

Azərbaycan Prezidentinin son dövrlərdə xüsusi səylər göstərərək danışıqlar prosesinin effektivliyi üçün atdığı addımları da, getdiyi hər xarici səfərdə, qatıldığı hər beynəlxalq tədbirdə tribunalardan və kürsülərdən Azərbaycan həqiqətlərini dünyanın kar olmuş qulaqlarına yorulmadan, usanmadan çatdırma cəhdlərini də, son 16 ildə ordu quruculuğuna dövlət büdcəsinin xeyli hissəsinin ayrılaraq  xüsusi diqqət yetirilməsini də bircə-bircə izləyirəm, xatırlayıram. Yəni erməni işğalına son vermək üçün Azərbaycan hər cəhətdən hazırdır.

Amma və lakin ortada geosiyasi şərait və işğalçı(lar)nın əslində kimlər olduğunu hamımızın bildiyi gerçəyi də var. Və bundan doğan böyük bir çarəsizliyi dövlət, xalq müstəvisində həzm edib daha düzgün, qan izi olmayan qərarlar vermək üçün tələb olunan zamana ehtiyac da var... Amma bunlarla birlikdə doğru insanın doğru zamanı lap yaxınlarda müəyyənləşdirəcəyi lap elə Qarabağ boyda ümidimiz də var...

Yuxarıda sadalanan və sadalanmayan bütün səbəb və nəticələrin mövcudluğu ilə birgə o ümidin yanında hamımızın bildiyi həqiqət də var: İşğal edilmiş torpaqlar bizə gəlməyəcək, biz ora getməliyik- min ilin həsrətlisi yarla görüşə gedər kimi, dil-dodağı təpimiş, ürəyi çırpına-çırpına, dizin-dizin...

...Qapıya kölgə düşdü,

Elə bildim yar gəldi.

Ay Laçın, can Laçın,

Mən sənə qurban, Laçın...

Sevinc Mürvətqızı, “İki sahil”