06 iyul 2020 13:01
1226

Məsuliyyətli olaq və virusun yayılmasının qarşısını alaq

Koronavirus bəlasına qarşı mübarizədə vətəndaş məsuliyyətlinin artırılması çox vacibdir

Dünyanın üz-üzə olduğu, ən qüdrətli hesab olunan dövlətlərin belə, çətinliklə mübarizə apardığı COVID-19 virusunun yayılmasının qarşısının alınmasında uğurlu mübarizə metodu tətbiq edən dövlətlərin sırasında Azərbaycan ön sıralardadır. Virusun dünyaya yayılmağa başladığı ilk günlərdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk günlərdən başlayaraq Azərbaycan dövləti ən ciddi qabaqlayıcı tədbirlər gördü. COVID-19 pandemiyasının qlobal təhdidə çevrilməyə başladığı vaxtdan etibarən bir çox inkişaf etmiş Avropa dövlətlərindən fərqli olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qəbul etdiyi qərarlar bu xəstəliyin ölkəmizdə geniş yayılaraq kütləvi insan itkisinə səbəb olmasının qarşısını aldı.

Cəmiyyətin bütün təbəqələrinin, dövlət və ictimai qurumların, özəl sektorun koronavirusa qarşı mübarizədə qısa müddət ərzində səfərbər olunması, vətəndaşların sağlamlığının qorunması və xəstələrin müalicəsinin peşəkar səviyyədə təmin edilməsi, milli həmrəyliyin daha da gücləndirilməsi dövlətimizin sağlam siyasi, iqtisadi və mənəvi dayaqlar üzərində bərqərar olduğunu bir daha göstərdi.

Azərbaycan COVID-19 infeksiyası ilə mübarizədə zəruri olan tibbi avadanlığın, dərman preparatları və digər qorunma vasitələrinin təcili şəkildə alınıb ölkəyə gətirilməsi, yeni tibb və istehsal müəssisələrinin qısa müddət ərzində yaradılması ilə fərqləndi.

Azərbaycan dövlətinin bu virusla mübarizədə müəyyənləşdirdiyi əsas yollardan biri də insanların özlərini qorumaqla dövlətə dəstək olmasıdır. Yəni, dövlət zəruri olmadığı təqdirdə böyük insan qruplarını təhlükə ilə üz-üzə qoymamağa çalışır və insanlardan da lüzumsuz yerə evlərindən çölə çıxmamalarını tələb edir.  Bir çox ölkələrdən fərqli olaraq Azərbaycan dövləti əhalinin hansısa qrupunu təhlükə qarşısında tək qoymaq niyyətindən uzaqdır. Xüsusən, yaşlı nəslin qorunması, diqqət mərkəzində saxlanılması bütün dünyada virusun dəhşət saçdığı dövrdə əsl humanizm nümunəsidir. Azərbaycan dövləti ölkə sərhədləri daxilində olan vətəndaşlarla yanaşı, xarici ölkələrdə olan vətəndaşlarımızın da təhlükəsiz həyat şəraitinin təmin olunması üçün gərgin fəaliyyət göstərir. Müxtəlif ölkələrdən zərurət yarandığı təqdirdə vətəndaşların ölkəyə qaytarılması üçün xüsusi reyslər təşkil olunur. Ölkəyə gətirilən vətəndaşlarımız ən yüksək səviyyəli şəraitin yaradıldığı karantin düşərgələrində yerləşdirilir. Onların müəyyən edilmiş müddət ərzində müşahidə altına qalması təmin edilir. Bununla da koronavirus pandemiyasının ölkəmiz və xalqımız üçün yarada biləcəyi daha böyük təhlükələrin qarşısı alınır.

Həyata keçirilən bu işlər bir daha təsdiqləyir ki, Azərbaycan dövləti COVID-19 virusuna qarşı xüsusi əzmlə mübarizə aparır. Bunun üçün bütün inzibati, iqtisadi, maliyyə resursları cəlb edilib. Bu çətin dövrdə koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, məşğulluq məsələlərinə və sahibkarlıq sahəsinə mənfi təsirlərinin azaldılması, həssas təbəqədən olan vətəndaşlara dəstək verilməsi məqsədi ilə dövlət 3 milyardan manatdan artıq maliyyə vəsaiti ayırıb.

COVID-19 pandemiyasının insanlar üçün yaratdığı təhlükənin başa çatacağı yekun tarix isə hələ də bəlli deyil. Bu cəhətdən koronavirus bəlasına üqarşı mübarizədə cəmiyyətdə həmrəyliyin daha da gücləndirilməsi, vətəndaş məsuliyyətlinin artırılması çox vacibdir. Belə ki, koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin, Operativ qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb olunur. Məsuliyyətli olaq, özümüzü və yaxınlarımızı qoruyaq. Əminik ki, dövlətimizin dəstəyi və  həmrəylik, məsuliyyət sayəsində biz bu xəstəliyə qalib gələcəyik. Biz birlikdə güclüyük.

Röya Rasimqızı, “İki sahil”