11 iyul 2020 19:04
1455

Məzahir Əfəndiyev: BMT tərəfindən hazırlanmış hesabatda Azərbaycan layiqli yerini əldə edib

“Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin təməlində hər bir vətəndaşın sosial rifahının qorunması dayanır”

 

“2015-ci ildə BMT-yə üzv dövlətlər tərəfindən 17 Davamlı İnkişaf Məqsədinin yekdilliklə qəbul edilməsi dövlətlər üçün iqtisadi və siyasi inkişaf siyasətlərinin hazırlanması baxımından tarixi anlam daşıyır. Bu qlobal sənəddən irəli gələrək Prezident İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası heç bir sahəni diqqətdən kənarda qoymayaraq, onlar arasında tarazlı, inteqrə edilmiş və ardıcıllığı qorunmuş davamlı inkişafa yönəlik milli icra mexanizminin formalaşmasına nail olmuşdur”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Məzahir Əfəndiyev  bildirib ki, son illər Azərbaycanda aparılan dərin islahatların məntiqi nəticəsidir ki, ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə mühüm nailiyyətlər əldə edib. Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, Davamlı İnkişaf Məqsədi ilə bağlı iki könüllü hesabat hazırlayıb və növbəti 3-cü hesabatın hazırlanması istiqamətində iş aparılır. Davamlı İnkişaf Məqsədi ilə əlaqədar olaraq 2018-ci ildə Azərbaycan “1-ci Bakı forumu” altında regional konfransa ev sahibliyi etmiş, bu il də oktyabr, noyabr aylarında “2-ci Bakı forumu”nun keçirilməsi üçün işlər aparılmaqdadır.

Bu il BMT tərəfindən hazırlanmış 2020-ci il “Davamlı inkişaf hesabatı” hesabatında da haqlı olaraq həyata keçirilmiş işlərin fonunda Azərbaycan layiqli yerini əldə etmişdir, belə ki, 166 ölkə arasında 54-cü yerdə qərarlaşmışdır. DİM-in əsas məqsədi heç kimi arxada qoymamaq, hər bir insanın yaşayış üçün bütün sahələrə əlçatanlığını təmin etməkdir və bu məqsədlərə nail olmaq üçün əsas məsələ idarəetmədir. Bu uğurların əldə edilməsi Prezident tərəfindən ardıcıl tədbirlərin həyata keçirilməsi, dərin islahatların effektivliyini təmin etmək məqsədilə hərtərəfli və xüsusilə də elmə əsaslanmış idarəetmənin nəticəsində mümkün olmuşdur. Təsadüfi deyil ki,  hesabata əsasən Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmamış, bərabərsizliyi ifadə edən Cini əmsalı isə Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biri olaraq dəyərləndirilməkdədir.

Bütün bunlar bir daha göstərir ki, hətta çətin pandemiya şəraitinə baxmayaraq, Azərbaycanda iqtisadi artım var və Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin təməlində hər bir vətəndaşın sosial rifahının qorunması dayanır.

Orxan Vahidoğlu, "İki sahil"