13 fevral 2019 11:08
188

Milli maraqlar üzərində qurulan xarici siyasət

“Hesab edirəm ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər” söyləyən dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Bu gün Azərbaycanın beynəlxalq aləmdə sabit, eyni zamanda, yeni əməkdaşlıq formatlarının təşəbbüsçüsü kimi tanınmasının və nüfuz qazanmasının da kökündə düşünülmüş və məqsədyönlü siyasət dayanır. 

Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında bu amili önə çəkir ki, ölkəmizdə sabitliyin, davamlı inkişafın əsas təminatçısı xalq-iqtidar birliyidir.  Bu fikir xarici ekspertlər, siyasətçilər tərəfindən də etiraf olunur ki, xalq-iqtidar birliyinin möhkəm olduğu, ən əsası həyata keçirilən siyasətin, təşəbbüslərin dəstəkləndiyi ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz. Azərbaycanın adının nümunəvi ölkələr sırasında qeyd olunması məhz bu reallığın təsdiqidir ki, daxili siyasətin uğurları beynəlxalq aləmdə reytinqin müəyyənləşdirilməsində  stimulverici amildir. Cənab İlham Əliyev bu uğurlara söykənərək bildirir: “Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq. Bizim dünyadakı rolumuzu və bizə olan münasibəti əks etdirən çox parlaq bir nümunə var. Bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Yəni bu da beynəlxalq aləmin mütləq əksəriyyətidir. Azərbaycana göstərilən hörmət, rəğbət, dəstək bu səsvermədə özünü büruzə verdi.”

Əvvəldə də qeyd etdiyimiz kimi, xarici siyasətində iki və çoxtərəfli çərçivədə əməkdaşlığın qurulmasında və müxtəlif istiqamətlər üzrə  genişləndirilməsində maraqlı olan Azərbaycanın  üçtərəfli formatda birliklərin yaradılmasında təşəbbüskarlığı da əməkdaşlıq əlaqələrinin genişlənməsində və möhkəmlənməsində nə qədər  maraqlı olduğunu nümayiş etdirir. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi birliklər deyilənlərin bariz nümunəsidir.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu kimi iqtisadi və siyasi əhəmiyyəti böyük olan, dövlətləri, xalqları bir araya gətirən layihələr məhz regional əməkdaşlığın töhfələridir. Ənənəvi keçirilən Davos İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyasında da cənab İlham Əliyevin bununla bağlı ünvanlanan suala cavabında da bu gün Azərbaycanın regional və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr əsaslı şəkildə diqqətə çatdırılmışdır.

Uğurlarımız xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsirsiz deyil. “Əlbəttə, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir” söyləyən cənab İlham Əliyev  bildirir ki, Azərbaycan bu istiqamətdə hüquqi, siyasi və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir.  Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki,  ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır.

Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə dəstəklənir. Yəni problemin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Ötən il  Avropa İttifaqı ilə imzalanmış “Tərəfdaşlığın prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı xüsusi müddəa vardır. Ən əsası BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması qeyd olunub. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlar da ölkəmizin mövqeyini möhkəmləndirir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bütün bunlar münaqişənin həlli üçün hüquqi baza, hüquqi əsas yaradır: “Biz çox böyük təbliğat işi aparırıq, yəni həqiqətləri çatdırırıq. Müxtəlif ölkələrdə təqdimatlar keçirilir, Xocalı soyqırımının tanıdılması prosesi uğurla gedir, müharibə ilə bağlı həqiqətləri çatdırırıq. Beləliklə, beynəlxalq ictimaiyyətdə düzgün fikir yaradırıq. Çünki onlar həqiqəti bilməlidirlər. Ona görə bütün lazımi tədbirlər görülüb.”

Bu uğurlarımız dövlətimizin başçısı İlham Əliyevin 6 fevral 2019-cu il tarixli “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında” Fərmanının imzalanmasında da əhəmiyyətli rol oynadı. Belə ki,  xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirmək, dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirmək, Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaq məqsədi ilə yaradılması nəzərdə tutulan  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi  dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə təmin edən publik hüquqi şəxsdir.

Atılan addımlar bir daha bu məqamı önə çəkir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və milli maraqlar əsasında əlaqələrini quran və genişləndirən Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Münaqişənin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılması günümüzün əsas çağırışıdır. Cənab İlham Əliyev bu cağırışı edir ki, Dağlıq Qarabağ problemi gündəlik işimiz olmalıdır.

Hücum diplomatiyasını uğurla həyata keçirən ölkəmizin real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatının qarşısında ermənilərin acizliyi daha qabarıq şəkildə görünür.

Yeganə Əliyeva, “İki sahil”