KÖŞƏ

Sevinc Azadi

Milli maraqlarımıza qənim kəsilənlər

21 avqust 2019 18:22
1780

İddia və imkanları bir araya sığmayan radikal müxalifət fəaliyyəti ilə müstəqil Azərbaycanın varlığına qarşı mövqe tutanlarla eyni cəbhədə yer aldığını getdikcə daha aydın şəkildə nümayiş etdirir. Bununla da faktiki olaraq antiazərbaycançı şəbəkənin bir hissəsi və buyruq qulu olmasını göstərən radikal düşərgənin təmsilçiləri ölkənin milli mənafelərini korporativ maraqları naminə istənilən an qurban verməyə hazır olduqlarını da sübuta yetirmiş tərəf kimi çıxış edir. Elə bundan irəli gələrək ötən illərdə olduğu kimi, yenə də xalq tərəfindən radikal müxalifət qəbul olunmur və onların cəmiyyətdən təcrid olunması prosesi daha da dərinləşir. Bu şəraitdə sözügedən düşərgədə yer alanların Azərbaycan əleyhinə olan xarici qüvvələrlə işbirliyi daha da güclənir və hər iki tərəf ölkədə xaotik bir durumun formalaşması niyyətlərinin reallaşması naminə yenidən cidd-cəhdlə fəaliyyət göstərir.

Xarici antiazərbaycan qüvvələr, şübhəsiz ki, dövlətçilik şüurundan uzaq, maddiyyat üçün əqidəsini, milli dəyərlərini, mənəviyyatını qurban verməyə hazır olan qüvvələri yaxşı tanıyır və zaman-zaman onların üzərindən öz oyunlarını sistemli şəkildə qurublar. Bu gün də bu oyunlar sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Onlar öz təsirləri altında olan Azərbaycan müxalifətini, xaricdə yaşayan bəzi siyasi mühacirləri, eləcə də bir qrup radikal dindarları tez-tez meydana ataraq, ölkədə gərginlik, xaos yaratmağa, sosial şəbəkələr vasitəsilə ictimai fikrə mənfi yöndə təsir etməyə çalışırlar. Bu səbəbdəndir ki, artıq uzun illər çayxanalarda “mübarizə aparan” müxalif qüvvələr mübarizələrini sosial şəbəkələrə keçiriblər. Hətta bu kimi fəaliyyətlərinə görə, bu düşərgəyə maliyyə yardımları da ayrılır. Bunu özlərinin dava-qovğaları zamanı bir-birlərinə qarşı səsləndirdikləri fikirlərdən də görmək olar. Bu gün Azərbaycan cəmiyyəti yaxşı bilir ki, müxalifyönlü saytlar, sosial şəbəkələrdəki səhifələr, internet TV-lər və orada aparılan debatların arxasında hansısa qüvvələr durur.

Mingəçevirdə qəza baş verərkən və Gəncə hadisələri zamanı bu resursların fəaliyyətinə nəzər saldıqda görürük ki, sanki həmin qüvvələr startda durublarmış, yazdıqları, göstərdikləri neqativ, təxribat xarakterli xəbərlər, qıcıq yaradan, kriminal hadisələrə haqq qazandıran yazılardan ibarət oldu. Cəmiyyətimiz bu təxribatları kəskin şəkildə pisləsələr də özlərinə azərbaycanlı deyən bu qüvvələr olayları nəinki pisləmədilər, əksinə, dövlətimizin, dövlətçiliyimizin əleyhinə getdilər...Məlum proseslərin kulminasiyası zamanı “Nuraz.com”, “Abna.com”, “Aran.news”, “Qafqaz.ir”, “Rasthaber.com”, “Ru-clip.ru” və s. kimi saytlar bu istiqamətdə daha çox aktivlik göstərdilər. Dünya görüşü olmayan bir gənc və ya ictimai-siyasi proseslərdən xəbərsiz bir şəxs bu kimi saytları izləyərək xəbərləri oradan alanda, doğrudan da, fikir çaşqınlığına məruz qalırdı. Sanki ölkədə böyük faciələr baş verir, xaos yaranıb, dövlətimiz zəifdir, kriminal hadisələrin əlində aciz qalıb və s. Əslində isə hər şey tam əksinə idi. Göründüyü kimi, antimilli fəaliyyəti ilə özlərini cəmiyyətdən tamamilə təcrid halına salmış radikallar bu gün ölkədə xaotik durumun formalaşmasını istəyir və bu yöndə çabalar edirlər. Əgər əvvəllər süni radikallıq nümayişi hakimiyyət hərisliyindən irəli gəlirdisə, bizim günlərdə keçirilən qanunsuz aksiyaların hədəfi başqadır. Ənənəvi olaraq rahat kabinetlərindən kənara çıxmağa cürəti çatmayanlar təsir altına saldıqları bir qrup gənci ictimai asayiş keşikçiləri ilə süni qarşıdurmaya sürükləməklə, onların həbsə düşməsinə çalışmaqla, «biz də varıq» demək istəyirlər. Lakin həmin partiya sədrləri mövcudluqlarını cəmiyyətə yox, məhdud elektoratına sübut etməyə çalışırlar. Digər əsas məqsəd xaricdən daha çox qrant almaq, maliyyə imkanları əldə etməkdir. Hər zaman şəffaflıqdan, təmizlikdən dəm vuran aqressiv müxalif partiya rəhbərləri öz maliyyə mənbələri barədə ictimaiyyəti məlumatlandırmaqdan açıq-aşkar imtina edirlər. Lakin son dərəcə dəbdəbəli, kübar həyat tərzi keçirən bəzi müxalif partiya sədrlərinin hansı maliyyə vəsaiti hesabına yaşaması cəmiyyətə heç də sirr deyil!

Son illərdə ölkədə baş verən möhtəşəm, inqilabi yeniliklər, modernləşmə prosesləri xalqını sevən hər bir vətəndaş tərəfindən razılıqla qarşılanır. Ölkə iqtidarı vətəndaşların razılıqla qarşıladığı iqtisadi, siyasi, hüquqi, demokratik islahatları bu gün də inamla davam etdirir. Bu və digər reallıqlarla barışa bilməyən antiazərbaycançı şəbəkə davamlı təxribat cəhdləri ilə ölkə vətəndaşlarının iradəsinə təsir göstərmək imkanından tamamilə məhrumdur. Eyni zamanda, Azərbaycan hakimiyyəti indiyə qədər olduğu kimi, bundan sonra da ölkəyə təzyiq göstərmək cəhdinə düşən daxili və xarici qüvvələri yerində oturtmaq, xalqın mənafeyini sonadək müdafiə etmək əzmindədir! 
Çünki bu hakimiyyətin ən böyük güvənc yeri, başlıca dəstəyi xalqın inam və etimadıdır!