17 aprel 2019 10:29
1954

Milli mənəvi dəyərlərin, tarixi-mədəni irsin təbliğində mühüm addım

Almaniya Kansleri Angela Merkelin ötən il Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində ölkəmizdə olarkən söylədiyi  “Azərbaycan ənənələri olan ölkədir” fikri sadəcə bir fikir olaraq qeyd edilməmişdir. Azərbaycanın zəngin tarixə, milli mənəvi dəyərlərə,  mədəniyyətə, ədəbiyyata malik olduğunun, ən əsası dünya mədəni irsinə davamlı töhfələrinin təsdiqi kimi dəyərləndirilən bu tezis, eyni zamanda,  UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunan qərarda da özünü qabarıq şəkildə büruzə verdi.

Ötən il səfərinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf etdiyini önə çəkən A.Merkel, həmçinin ölkəmizin multikulturalizm təcrübəsinin öyrənilməsinin vacibliyini də diqqətə çatdırmışdır. Müxtəlif  mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən Azərbaycanda bütün xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayır. Bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi VII Qlobal Bakı Forumunda da bu mühüm məqama xüsusi diqqət yönəldilmişdir: “Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur.”

Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin hər biri ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rola malikdir. Bir əsas məqamı da qeyd edək ki, ölkəmizin 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi də dünyaya Azərbaycandan ünvanlanan dostluq, əməkdaşlıq, birlik, həmrəylik, ən əsası sülh mesajıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri Azərbaycanın milli mənəvi dəyərlərinin, tarixinin təqdimatına böyük töhfə oldu. Mehriban xanım Əliyeva açılış mərasimində bildirmişdir: “Avropa Oyunlarının məşəli müqəddəs Atəşgah məbədində alovlandırıldı və yol boyunca hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə döyündürərək ölkəmizi dolaşdı.

Məşəl bayram, ruhlandırma və birlik mesajını daşıdı. Məhz alovlanan ruh hamımızı bir araya gətirir.”

“Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir” söyləyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu fikri də böyük qürur hissi ilə  qeyd etmişdir ki, gələn illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı-2015”in parlaq ruhunun atəşi orada olacaq.

Göründüyü kimi,  Azərbaycan xalqı daim  milli kökünə, tarixinə, mədəniyyətinə bağlılığını nümayiş etdirmiş, onların təbliği istiqamətində davamlı addımları ilə beynəlxalq aləmdə qazandığı nüfuzu daha da möhkəmləndirmişdir. Bu fakt inkaredilməzdir ki, uzun illər başqa dövlətlərin tərkibində yaşamağımıza baxmayaraq,  milli xüsusiyyətlərimizi, mənliyimizi qorumuşuq. Dövlətimizin başçısı, eyni zamanda, bildirir ki, milli dəyərlərimiz ümumbəşəri  dəyərlər əsasında qurulub: “Hesab edirəm ki, qloballaşan dünyada xüsusilə gənc nəsil üçün milli mənəvi dəyərlər xüsusi rol oynayır və oynamalıdır. Hər halda biz Azərbaycanda buna böyük əhəmiyyət veririk və onu da qeyd etməliyəm ki, başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz mədəniyyətinə, tarixinə, öz dininə olan hörmətdən başlamalıdır. Eyni zamanda, Vətənə bağlı olmayan, vətənpərvərlik hisslərindən kənar olan insanlar başqa mədəniyyətlərin nümayəndələrini də lazımi səviyyədə qəbul edə bilməzlər. Onlar, eyni zamanda, bəzi hallarda başqa mədəniyyətlərə qarşı olan, hörmətsizliyi də, əslində öz mədəniyyətinə olan hörmətsizlik əsasında qururlar. Ona görə də qloballaşan dünyada bu məsələlərə xüsusi diqqət göstərilməlidir.”

Ölkə Prezidenti Gənclər Günü ərəfəsində gənclərlə görüşündə də bu kimi məsələlərə xüsusi diqqət yönəltmişdir ki, gənc nəsil milli ruhda tərbiyə olunmalıdır. Bu çağırış ulu öndər Heydər Əliyevin “Gələcəyimiz indiki gəncliyə nəyi və necə öyrətməyimizdən asılıdır” tezisinin davamıdır. Gənclərimizi öz tarixinə, milli mənəvi dəyərlərinə, mədəniyyətinə bağlılıq əsasında tərbiyə olunmasını qarşıya mühüm vəzifə kimi qoyan ümummilli lider Heydər Əliyev bildirirdi ki, Azərbaycan gəncliyi vətənpərvər, sağlam düşüncəli gənclikdir. Təbii ki,  qarşıda duran əsas vəzifə onlarda bu keyfiyyətləri daha da inkişaf etdirmək və qorumaqdır.

Dövrün əsas çağırışları sırasında yer alan bu kimi vəzifələrin yüksək səviyyədə icrasında təbliğat işinin lazımi səviyyədə qorunması əsasdır. Mətbuatın ictimai fikrin formalaşmasına təsir imkanlarının  genişliyini nəzərə alsaq, bu istiqamətdə media orqanlarının da rolu daha qabarıq şəkildə görünür.

Mənəvi dəyərlərimizin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin  rolu da inkaredilməzdir.  Muğam həm ədəbiyyat, həm musiqi, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Yuxarıda bəhs etdiyimiz ilk Avropa Oyunlarının açılış mərasimində dünya şöhrətli xanəndə Alim Qasımovun muğam ifası da bu reallığın təqdimatına işarədir.  Dövlətimizin başçısı İlham Əliyev məhz bu kimi məsələləri önə çəkərək  Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalamışdır.

Ölkə  Prezidentinin İlham Əliyevin  2 aprel 2019-cu il tarixli “UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza  prosedurlarının sadələşdirilməsi haqqında” Sərəncamı, həmçinin  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin  43-cü sessiyasının keçirilməsinə dair Tədbirlər Planının təsdiqlənməsi dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr verən Azərbaycanın milli mənəvi dəyərlərinə,  tarixi-mədəni irsinə bağlılığının təqdimatı istiqamətində atılan addımların kompleks icrasını nümayiş etdirir.  Qeyd edək ki,  tədbir  30 iyun-10 iyul tarixlərində keçiriləcək.  

Son 15 ildə Heydər Əliyev siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən  Prezident İlham Əliyevin tariximizin, ədəbiyyatımızın, milli mənəvi dəyərlərimizin, mədəniyyətimizin qorunması və inkişafı istiqamətində atdığı davamlı addımlar göz qabağındadır.  Cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında”  Sərəncamı, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Fərmanı,  2019-cu ilin “Nəsimi İli” elan edilməsi və s. kimi biri-birindən önəmli addımlar  zəngin tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, milli mənəvi dəyərlərimizə sahibliyimizin təsdiqidir.

Azərbaycan mədəniyyətinin, milli mənəvi sərvətlərinin  qorunub saxlanılmasında, həmçinin Azərbaycan-UNESCO əlaqələrinin inkişafında   Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Dövlətimizin başçısı İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bu mühüm məqamı qeyd etmişdir: “Muğam sənətinin həm ölkə daxilində, həm də xaricdə inkişafında Heydər Əliyev Fondunun, Mehriban xanımın rolunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan muğamının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması tarixi nailiyyətdir. Biz, eyni zamanda, beynəlxalq muğam müsabiqələri, festivalları keçirmişik. Bu sənət bir neçə ölkədə yaşayır, ancaq Azərbaycan muğamının UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi qəbul edilməsi əlbəttə ki, böyük nailiyyətdir. Onu da bildirməliyəm ki, UNESCO-nun müxtəlif siyahılarına Azərbaycan xalqının 13 qeyri-maddi mədəni irs nümunəsi salınıbdır.” Cənab İlham Əliyev bu vacib məsələni də qeyd etmişdir ki, ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır: “Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz.”

Onu da qeyd edək ki, ölkə daxilində  və dünya arenasında  həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı   İlham Əliyev  Mehriban xanım Əliyevanı Vətənimizin ən ali  mükafatı -  “Heydər Əliyev mükafatı” ilə təltif edərkən  bildirmişdir ki,  Fondun bütün təşəbbüsləri milli ruha  əsaslanır: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycannın olduğu kimi dünyaya təqdim edilməsi - bütün bu şərəfli  funksiyalar bu Fondun üzərinə düşür.” Muğamla yanaşı,  aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla  təşkilat arasında  əməkdaşlığa işıq salmaqla yanaşı, Heydər Əliyev Fondunun xidmətlərinin də təqdimatında əhəmiyyətli rola malikdir. 

Qeyd etdiklərimiz bu ümumiləşdirməyə əsas verir ki,  milli  mənəvi dəyərlərimizə, tariximizə, ədəbiyyatımıza,  dilimizə və dinimizə bağlılığımız  Azərbaycanın müxtəlif sivilizasiyalararası və dinlərarası dialoqların keçirilməsi üçün ideal məkan seçilməsini, müxtəlif beynəlxalq qurumlarla yüksələn xətlə inkişaf edən əməkdaşlığını şərtləndirir, ənənələri olan ölkə kimi təqdimatının coğrafiyasını genişləndirməyə stimul verir.

Yeganə Əliyeva, “İki sahil”