14 iyun 2019 15:11
191

Milli Meşə Proqramı təqdim edilib

Azərbaycan Respublikasında meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramının və onun Fəaliyyət Planının ilkin layihəsinin təqdimatı keçirilib.  

2020-2030-cu illəri əhatə edən Milli Meşə Proqramı (MMP) “Milli Meşə Proqramının yenilənməsi və meşə idarəetmə sisteminin müasirləşdirilməsi üçün texniki dəstək” layihəsi çərçivəsində  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin  texniki dəstəyi ilə hazırlanıb. 

Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin və digər dövlət qurumlarının, Dünya Bankının, BMT-nin İnkişaf Proqramının əməkdaşlarının, QHT, ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda  Milli Meşə Proqramının və onun Fəaliyyət Planının ilkin layihəsinin mahiyyəti barədə məlumat verilib, maraqlı tərəflərin fikirləri dinlənilib.

Təqdimatda ekologiya və təbii sərvətlər naziri, FAO-nun Azərbaycan nümayəndəliyinin rəhbəri, BMT-nin Avropa İqtisadi Komissiyasının və FAO-nun Meşə və Oduncaq bölməsinin müavini iştirak edib. 

Qeyd edək ki, meşələrin dayanıqlı inkişafı Azərbaycan hökumətinin əsas prioritetləri və hədəfləri sırasındadır.

Milli Meşə Proqramının hazırlanmasında əsas məqsəd meşələrin idarə edilməsi üzrə institutsional və hüquqi bazanın inkişafını təmin etməklə hökumətin meşə siyasətini reallaşdırmaqdan ibarətdir.

Təqdimatın sonunda Azərbaycanda meşəçilik ixtisası üzrə mütəxəssis hazırlayan Dövlət Aqrar Universiteti ilə ETSN arasında gənc meşəçi kadr hazırlığını təmin etmək məqsədilə ikitərəfli Anlaşma Memorandumu imzalanıb.