19 yanvar 2021 17:59
482

Milli ruha və torpağa bağlılıq ən güclü silahdır

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, qızları Leyla  Əliyevanın  şanlı qələbəmizin  mədəniyyət marşrutu olan Şuşaya səfərləri çərçivəsində  tarixi  və dini abidələrə göstərdikləri ehtiram islamofobiyadan yararlanaraq xof yaradan, milli münaqişələri  gücləndirən qüvvələrə multikulturalizm dərsidir

Böyük qəhrəmanlıq, peşəkarlıq tələb edən, milli ruhumuzu yaşadan,  özü boyda tarixi abidə olan Şuşanın  işğaldan azad edilməsi ilə parlaq qələbə qazanan Azərbaycan üçün 44 günlük müharibənin hər günü  zəfər salnaməsidir.

Bugünlərdə  mədəniyyətimizin paytaxtı Şuşaya qələbə yolu ilə gəldiyini fəxrlə bildirən, Şuşanın işğaldan azad edilməsini düşmənə vurulan ən böyük zərbə  adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın qəhrəman övladlarının mükəmməl hərbi əməliyyatlarının beynəlxalq ekspertlər tərəfindən  təhlil edilib , öyrənilməsi xalqımız üçün qürurdur .«Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik…Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır» söyləyən Prezident İlham Əliyevin  şanlı   ordumuzun 44 günlük savaşını XXI əsrin müharibəsi adlandırması, ölkəmizin müdafiə qüdrətinin beynəlxalq səviyyədə etirafı göstərdi ki, qalibiyyəti qanı, canı bahasına qazanmaq qüdrətinə malik, düşmənin belini qıran övladlar yetirən  Azərbaycan xalqı  babalarından miras qalan  qəhrəmanlıq  ənənələrinə sadiqdirlər. Döyüş meydanında, informasiya müharibəsində, diplomatiyada qalib olduğunu düşmən üzərində qələbəsi ilə  bəyan edən Azərbaycan fərqli dövlət olduğunu multikultural dəyərlərə sadiqliyi, tolerant ölkə olması ilə də  təsdiqlədi.

İşğaldan azad olunmuş torpaqlarımızda olarkən erməni vandallarının  30 ildə dağıtdıqları  şəhər və kəndlərimizin  qısa müddətdə bərpa olunacağını  söyləyən Prezident İlham Əliyev  bərbad hala salınan bütün tarixi abidələrimizin də  əvvəlki görkəminə qaytarılacağını bildirdi.

Biabırçı kapitulyasiyadan dərs  almayan Ermənistanda başqa xəyallara düşənlərə  « Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq» sözləri ilə xəbərdarlıq edən Prezident İlham Əliyev düşməni  qorxudan ifadələrini bir daha səsləndirdi.

44 gün davam edən döyüş meydanında düşmənə  tarixi dərs verən  Azərbaycan daha bir cəbhədə qalib gəldi.  Mənfur niyyətlərini  həyata keçirmək üçün islamofobiyadan istifadə edərək milli münaqişələr yaradanlara milli  ruhun ən böyük silah olduğu göstərildi. Qələbənin mədəniyyət marşrutu olan Şuşaya səfəri zamanı  Saatlı, Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa məscidlərini ziyarət edən, dini ocaqlarımıza müqəddəs «Qurani- Şərif»  bağışlayan,  erməni vandallarının güllələdiyi   Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün qəribsəyən  büstlərini  illərdən bəri həsrətində olduqları doğma  yerlərinə qaytaran dövlət başçımız  xalqımıza məxsus  mənəvi sərvətlərimizə sahiblik ruhunun əbədiliyini göstərdi.

İşğal edilmiş Azərbaycan torpaqlarında  məscidləri dağıdaraq, müqəddəs ocaqlarımızda  donuz saxlayaraq  İslam dinini təhqir edən ermənilər   vəhşi xalq olduqlarını əməlləri ilə təsdiqlədilər. Amma vurulan yaralar tezliklə sağalacaq.  Ağdam Cümə məscidi kimi  yararsız hala salınmış digər dini ocaqlarımızda da  təmir- bərpa işlərini  həyata keçirəcək Heydər Əliyev Fondu bu missiyanı  yerinə yetirəcək.  Əsas məsələ isə müsəlman aləmində, İslami dəyərlərə kölgə salanlara qarşı mübarizədə etiqada, milli birliyə, həmrəyliyə nail olunmasıdır.  Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda ümumiyyətlə, işğaldan azad edilmiş torpaqlarımızda  dini ocaqlarımızı dağıdan  Ermənistanla  yaxınlıq edən müsəlman dövlətlərini sərt tənqid edən Prezident İlham Əliyev  bu hərəkətləri riyakarlıq adlandırdı: «Minarənin dağıdılması düşmənin islamofob xislətini göstərir. Ermənistan daim çalışır ki, müsəlman ölkələri ilə münasibətlər qursun, bəzi ölkələrlə münasibətləri inkişaf etdirsin, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin. Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox. Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər.» İşğaldan azad olunmuş torpaqlarımızda təkcə məscidlərdə deyil,  sinaqoqlarda, kilsələrdə, müxtəlif  millətlərə məxsus dini məbədlərdə   vandalların apardığı erməniləşdirmə siyasətini   mənəvi riyakarlıq adlandıran dövlət başçımızın tapşırığı əsasında  udinlərə məxsus Xudavəng  kimi digər  dini abidələr də bərpa olunacaq.  Tarixi abidələrin  erməniləşdirmə cəhdlərinə son qoyulacaq.

Azərbaycan əsrlərboyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət mərkəzi  olmuşdur. Asiya ilə  Avropa arasında  yerləşən ölkəmizin mədəni müxtəlifliyə hörmət və ehtiramı beynəlxalq səviyyədə  etiraf olunan həqiqətdir. İşğaldan azad edilmiş torpaqlarda dini mənsubiyyətindən asılı olmayaraq bütün müqəddəs  ocaqlara xalqımız tərəfindən qayğı göstərilməsi  Azərbaycanın humanitar siyasətinin bəşəri prinsiplərə əsaslandığını göstərir. «Azərbaycan  bu gün çoxmillətli,  çoxkonfessiyalı ölkədir və yenə  də tolerantlıq və  dözümlülük ideyaları cəmiyyətdə çox güclüdür» söyləyən, işğaldan azad olunan torpaqlarımızdakı məscidləri ziyarət edərək milli ruhumuzun zənginləşməsində  ədalət və humanizmin ön sıralarda  dayandığını ölkə daxilində, beynəlxalq səviyyədə  həyata keçirilən təşəbbüsləri ilə təsdiqləyən Mehriban xanım Əliyevanın narahatlığı ilk baxışdan hiss olunurdu. Şuşa  səfəri  zamanı yararsız hala salınan  məscidlərimizin görkəmindən  sarsılan Mehriban xanım eyni zamanda, Azərbaycan qadınına yaraşan təmkini, dini  və milli adət- ənənələrimizə hörməti ilə də diqqəti cəlb etdi. Görüləcək işlərin xəritəsi  bu görüşlərdə müəyyənləşdirildi. İslamı dəyərlərə  sadiqliyin, saflıq və şəffaflığın rəmzi olan  mənəvi  keyfiyyətləri ilə də  nümunə olan  Mehriban xanımın  başçılıq etdiyi Heydər Əliyev Fondunun xətti ilə həyata keçiriləcək, insanları xeyirxahlığa, birliyə, humanizmə çağırış simvolu olan layihələrin tezliklə reallaşacağı bildirildi.  «Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət  kimi əbədi duyğulardır. Bu gücün, bu qüvvənin  qüdrətini və təsir dairəsini nəzərə almamaq mümkün deyil. Belə bir qüdrətli amilin mədəniyyətlər və sivilizasiyalararası dialoqa ayiqli töhfə verməsi bizim özümüzdən asılıdır» söyləyən Mehriban xanım Əliyeva sözlərini, xeyirxahlığını  mənəvi dəyərlərimizə diqqətini  işğaldan azad olunan ərazilərdə aparılacaq bərpa işləri ilə  davam etdirəcək. Erməni vandallarının dağıtdıqları  şəhər və kəndlərimiz, tarixi abidələrimiz əvvəlkindən də görkəmli vəziyyətə salınacaq.  Prezident İlham Əliyevin  «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!» sözlərinin  real həyatda  təsdiqini görəcəyimiz vaxt uzaqda deyil.

Xuraman İsmayılqızı, «İki sahil»