KÖŞƏ

Taleh Turqut

“Milli Şura”nın “Diqlas”da yanan xəstə xəyalları

01 aprel 2019 10:24
2026

Prezident İlham Əliyev yenə də öz yüksək diqqəti və usta gedişi ilə vətəndaşı sevindirdi, qürurlandırdı, xudpəsəntləri, fürsətçiləri isə sözün həqiqi mənasında mat vəziyyətinə saldı...

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində parlaq qələbəsindən sonra dövlət başçısı gələcək planlardan bəhs edərkən qarşıdakı illərin böyük dəyişikliklər, köklü islahatlar dövrü olacağının anonsunu vermişdi. Bəziləri bu fikirləri seçki kampaniyasının təzahürü kimi qiymətləndirməyə çalışsalar da, qısa müddətdə həyata keçirilən islahatlar bu fikirləri də alt-üst etdi.

Son bir neçə ayda Prezident tərəfindən görülən işlər, reallaşdırılan islahatlar, atılan humanitar addımlar isə həm ölkə daxilində, həm də xarici ictimai fikirdə böyük rezonans doğurub. Bir çoxları bu islahatları əsl inqilab kimi qiymətləndirir və nəticələr göstərir ki, bu fikirdə həqiqət payı az deyil.

Prezident İlham Əliyevin atdığı addımlar təkcə onun xalq arasında reytinqini yüksəltmir, həm də böyük siyasi oyunların pozulmasına, marığa yatanların çirkin planlarının alt-üst olmasına səbəb olur. Neçə illərdir ki, hər seçkidən sonra guya hakimiyyətin dəyişəcəyini, tezliklə ölkədə iqtidara gələcəkləri yalanlarına özlərini inandıran dağıdıcı müxalifət rəhbərləri bu dəfə də pat vəziyyətinə düşdülər. Bəzi ölkələrdə baş verən proseslərdən “ruhlanıb” Azərbaycanda da xaosun yaranacağına ümid edənlər, anarxiyanın meydana gəlməsi üçün əllərindən gələni əsirgəməyənlər Prezidentin hər uğurlu addımından sonra bir az da əzilirlər, yox olurlar...

İndi də yanan “Diqlas” ticarət mərkəzinin tüstüsündən başları dumanlandı və bundan şou düzəltməyə, sui-istifadə etməyə cəhd etdilər. Malları yanan, xeyli maddi zərərə düşən insanların təbii narazılıqlarından “bəhrələnib” sosial şəbəkələrdə hökumətə qarşı əks kampaniyaya həvəslə girişmişdirlər. Əli Kərimli və Cəmil Həsənli “çətəsi” fürsəti fövtə vermək istəmirdi. Hətta vəziyyətdən o dərəcədə “ruhlandılar” ki, tələm-tələsik aprelin 6-na mitinq də təyin etdilər. Lakin bu dəfə də alınmadı...

Prezident İlham Əliyev hər zaman olduğu kimi, yenə də məsələyə operativ reaksiya verdi. Hətta şifahi göstərişlə kifayətlənməyib hadisə ilə bağlı xüsusi müşavirə də keçirdi və bir daha vətəndaşın yanında olduğunu isbat etdi. Dövlət başçısı bu addımı ilə insanların dövlətə olan inam və etibarını bir az da gücləndirdi. Vətəndaş anladı ki, hər bir çətinliyində, ağır günündə dövləti ona arxa-dayaq olur. Ticarət mərkəzində zərər görən sahibkarlar yanmış mallarının dəyərinin qarşılanmasını xahiş edirdilər. Prezident isə onlara daha artığını etməyə göstəriş verdi. Bu sahibkarlar itirilmiş zərərlərinin qarşılığını dövlətdən alacaqlar, həm də bir sıra digər güzəştlər əldə edəcəklər.

Özünü “Milli Şura” adlandıran dağıdıcıların ruporu bu dəfə də başqa havaya oynamağa başlayır. Prezidentin hər uğurlu addımını da öz adına çıxmağa cəhd edir. Guya bütün bu islahatlar və atılan addımlar 19 yanvar mitinqinin nəticəsi imiş. Haqlı sual yaranır: əgər belədirsə, onsuz da onlar uzun illərdir ki, hər il dəfələrlə mitinqlər təşkil ediblər, bu mitinqlərin niyə nəticəsi olmurdu? Onların xəstə məntiqi ilə yanaşanda belə çıxır ki, Prezident İlham Əliyevin 16 illik hakimiyyəti dövründə qazanılan böyük siyasi-iqtisadi uğurlar, sosial-iqtisadi inkişaf, tikilən minlərlə məktəb və yaşayış binaları, həyata keçirlən sosial layihələr müxalifətin mitinqlərinin nəticəsidir?

Bu düşüncəni yalnız “Milli Şura”çılara məxsus xəstə təfəkkürün sahiblərindən gözləmək olar. Onlardan olsa, deyərlər ki, göydə Günəşi də biz yaradırıq...