01 fevral 2019 10:34
122

“Milli Şura”nın yoxa çıxan “onminləri”...

Əli Kərimlinin “kurasiyasında” olan “Milli Şura” özünün növbəti möhtəşəm rüsvayçılığına “imza atıb”. Yanvarın 19-da “Məhsul” stadionunda uzun illərdən bəri iki minlik baryeri aşaraq 2800 adam toplayan dağıdıcı müxalifət növbəti addımı ilə potensialının son dərəcə biabırçı vəziyyətdə olduğunu cəmiyyətə bir daha nümayiş etdirib.

Günlərdir sosial şəbəkələrdə və digər informasiya mənbələrində Məhəmməd Əmin Rəsulzadənin ildönümünü “möhtəşəm aksiyaya” çevirəcəklərini bəyan edən “Milli Şura” adlı qurum, Müsavat Partiyası, AXCP və digər partiyalar onun abidəsinin yanına cəmi 200-300 adam yığa biliblər. Jurnalistlərin müşahidəsinə əsasən, AXCP sədri Əli Kərimli və “Milli Şura” rəhbərliyi abidənin yanına 100 nəfərdən bir az artıq adamla gəlib. Təqribən  o qədər insan da Müsavat Partiyasının fəalları olub. AXP sədri Pənah Hüseyn isə abidənin önünə 3 nəfərlə gələ bilib. Digər “böyük partiya” sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar.

Göstərilən faktlar sübut edir ki, radikal müxalifət hansı vəziyyətdədir. Bütün bunlar özünü “böyük siyasi qüvvə” adlandıranların nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir. Yerli-yersiz “xalqın dəstəyi” barədə danışan “liderciklər” bütün hazırlıqlarına baxmayaraq, öndər hesab etdikləri şəxsin ildönümünə cəmi 200-300 adamla qatıla biliblər. Bununla da özlərini bir az da gülünc vəziyyətə salıblar.

Xatırladaq ki, bir az əvvəl, yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən zaman süni şəkildə qarşıdurma yaratmış Əli Kərimli internet mediaya onunla xiyabana gələn “on minlərlə” adamın qarşısının necə alınmasından ağızdolusu danışırdı. O, utanmadan deyirdi ki, polis qəsdən “Milli Şura”nın tərəfdarlarını qrup şəklində Şəhidlər xiyabanına buraxır ki, sayları az görünsün. Lakin onun hansı saydan danışdığı yalnız özünə məlumdur. Çünki Şəhidlər xiyabanını on minlərlə ziyarətə gələnlər Azərbaycan xalqının nümayəndələri idi, AXCP üzvləri yox.

Əgər belə idisə, həmin “onminlər” dünənki aksiyada niyə gözə dəymədi görəsən?  “Milli Şura” M.Ə.Rəsulzadənin heykəlinin yanına həmin insanların niyə heç olmasa yarısını yığa bilməyib? Hay-küylü tədbirə bu “böyüklükdə” siyasi qüvvələr cəmi 120-130 adamla gəlməyi özlərinə necə “rəva biliblər”? Axı onlara heç bir maneçilik törədən də yox idi!

Bütün bunlar yalnız bir həqiqəti ortaya çıxarır. Bu həqiqət də ondan ibarətdir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət təmsilçilərinin dedikləri ağ yalandan başqa bir şey deyil. Bunlar ictimaiyyətin yanılmasına, çaşdırılmasına yönəlmiş ucuz təbliğat vasitələridir.

Radikal müxalifətin son günlərdəki xüsusi canfəşanlığı əbəs yerə deyil. Bu addımlar məqsədli şəkildə son günlərdə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlara kölgə salmaq niyyəti ilə atılır. Onlar özlərini hamıdan ağıllı göstərərək guya bu islahatların aparılmasını keçirdikləri aksiyalarla bağlamağa çalışırlar. “Milli Şura” elə fikir formalaşdırmağa cəhd edir ki, sanki həyata keçirilən islahatlar məhz onların 19 yanvar mitinqinin nəticəsidir. Lakin bu iddia o qədər gülünc və qeyri-ciddidir ki, onu düşünmək belə ağlabatan deyil. Hansı ki, bu aksiyalardan onların özlərindən başqa heç kimin xəbəri belə olmayıb. Qaldı ki, hər zaman xalqın dəstəyini qazanan iqtidarın bu aksiyalardan guya çəkinməsini iddia etmək, ümumiyyətlə, rəzillikdir. Onlar isə belə rəzilliklərə artıq çoxdan alışıblar...

Taleh Turqut, “İki sahil”