YAP Yasamal rayon təşkilatında Çingiz Abdullayevin gənclərlə görüşü keçirildi
Azərbaycan və müasir dünya ədəbiyyatında dedektiv romanları, maraqlı əsərləri ilə oxucuların rəğbətini qazanan, qələmini jurnalistikanın publisistika janrında sınayan nasir, Xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığa tələbəlik illərindən başlamışdır. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakultəsini bitirən, uzun müddət respublikanın hüquq-mühafizə orqanlarında çalışmış atası Akif Abdullayevin yolunu davam etdirən gənc Cingizin romanları arasında dedektiv janrında yazılan əsərlərin çoxluq təşkil etməsində bu amilin böyük təsiri olmuşdur.
İyirmidən artıq sanballı romanın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi ( müavini), hüquq elmləri doktoru Çingiz Abdullayev ictimaiyyətçi, oxucularının hörmətini qazanan ziyalı kimi də böyük hörmətə layiqdir. “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri kimi ölkəmizdə gənclərin futbola marağının artırılmasında da xidmətləri vardır. Xarici ölkələrdə belə əsərləri ilə tanınan, geniş oxucu auditoriyası qazanan yazıçı Polşanın Krakov Universitetinin fəxri professoru, , H. Z. Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində yaradılan Milli Akademiyanın doktorudur. Azərbaycan PEN klubunun vitse-prezidentidir.
Rus, ingilis, italyan dillərində sərbəst danışan Çingiz Abdullayevin Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünya ölkələrində yayılmışdır. Müasir dünya ədəbiyyatında müxtəlif janrlarda ən çox əsər yazan, məhsuldar yazıçı kimi məşhurlaşan yazıçı 194 adda kitabın müəllifidir. Keçmiş SSRİ Yazıçılar İttifaqının üzvü kimi Çexoslolvakiya, Yuqoslaviya, Bolqarıstan, Danimarka, Polşada keçirilən tədbirlərdə nümayəndə heyətinin üzvü kimi iştirak etmişdir.
Bir neçə tammetrajlı filmin ssenari müəllifi olan Çingiz Abdullayev təcrübəli prodüser, məsləhətçi kimi də tanınır.
Xalq yazıçısı adına layiq görülən, “Şöhrət” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif edilən Çingiz Abdullayev oxucuları ilə görüşə illərdən bəri çəkdiyi zəhmətin bəhrəsi olan, ona “ milyonçu” adını qazandıran, ömrünün yaradıcılıq “sərvəti” olan bu cür zənginliklərlə gəlir.
Dünən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında Xalq yazıçısı Çingiz Abdullayevlə gənclərin görüşü keçirildi. YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Xalq yazıçısının yaradıcılığından danışdı.
Gənclərə xoş arzularını çatdıran Çingiz Abdullayev bildirdi ki, millətin, xalqın, dövlətin gələcəyi vətəndaşların intellekt səviyyəsindən, insan kapitalına verilən dəyərlərlə bağlıdır:
-İnsanın dünya görüşü yüksək olduqca onun cəmiyyətdəki rolu, fəaliyyəti artır, mənsub olduğu xalqa daha çox fayda verə bilir. Bunları şərtləndirən amillərdən ən başlıcası ölkədə ziyalı potensialının artmasıdır. Ziyalılığa aparan yol kitabla ünsiyyətdən başlayır. Bilik mənbəyi olan kitabla ünsiyyət insanı mənəvi cəhətdən zənginləşdirir, gələcəyə baxışını formalaşdırır. İnsan nə qədər çox mütaliə edərsə , onun mənəviyyatı, dünyagörüşü bir o qədər zənginləşir, nitqi, dünya hadisələrinə baxışı, təfəkkürü , fikr və düşüncələri təkmilləşir.
Xalq yazıçısı yaradıcılığının əsas istiqamətlərindən, gələcək planlarından danışdı, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı tövsiyə etdi, onların şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətini vurğuladı.
Gənclərin suallarını cavablandıran Çingiz Abdullayev tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
Tədbirdə YAP sıralarına qəbul olunan bir qrup gəncə partiyanın üzvlük vəsiqələri verildi.
Xuraman İsmayılqızı, “İki sahil”