16 noyabr 2019 19:16
152

Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür

Çox təəssüf ki, hələ də bəzi ölkələrdə insanlar bir-birilərinin dini inanclarına hörmətlə yanaşmır və nəticədə xoşagəlməz hadisələr yaşanır. Bakı Sammiti vasitəsilə həmin ölkələrdəki dini liderlərə sabitliyi bərpa etməyə, hər kəsin dini inancına tolerant münasibəti təbliğ etməyə çağırdıq. Çağırışlarımızın öz bəhrəsini verəcəyinə inanıram. Lakin, bu o demək deyil ki, bizim işimiz bununla yekunlaşır. Belə tədbirlər davamlı olmalı və dünyada sülhün bərqərar edilməsi üçün aktual məsələlərin həlli istiqamətində addımlar atılmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçısı, Bosniya və Herseqovina Birliyinin strateji inkişaf dairəsinin rəhbəri Mirsad Kalayciç jurnalistlərə müsahibəsində bildirib.

O, həmçinin deyib: “Azərbaycanda müxtəlif dinlərin nümayəndələri bir-biri ilə dostluq şəraitində yaşayırlar. Burada hər kəsin dini inancına hörmətlə yanaşılır. Biz sammit zamanı da ölkənizdəki din liderlərinin məmnunluğunun şahidi olduq. Təbii ki, buna görə Prezident İlham Əliyevə və şeyxülislam Allahşükür Paşazadəyə böyük minnətdarlığımızı bildiririk. Düzgün siyasətin nəticəsidir ki, Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür”.