13 avqust 2020 19:29
1106

Misir Fələstinlə sərhədi müvəqqəti açıb

Misir Prezidenti Əbdülfəttah əl Sisi Qəzza ilə sərhəddə yerləşən “Rəfah” sərhəd-keçid məntəqəsinin üç gün müddətinə açılması barədə göstəriş verib.

AZƏRTAC Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar bu ilin martından bağlanan sərhəd-keçid məntəqəsi beş aydan çoxdur bir-birindən ayrı düşən fələstinli ailələrin qovuşması məqsədi ilə açılıb. Bu gündən başlayaraq avqustun 17-dək onlar Fələstinə və əks istiqamətə hərəkət edə biləcəklər.

Qəzza sektoru ilə həmsərhəd olan Misirin Şimali Sinay vilayətinin qubernatorluğu ölkəyə daxil olan şəxslərin Səhiyyə Nazirliyi ilə birlikdə COVID-19 testindən keçirilməsi, onların qoruyucu maskalar taxması və sosial məsafəyə riayət etməsinə nəzarət edəcək.

Fələstinin Misirdəki səfiri Diyab əl-Loh öz bəyanatında fələstinli ailələrin qovuşmasına və uzun müddətdir sərhəd bölgəsində onlara sığınacaq verilməsinə görə Prezident Əbdülfəttah əl Sisiyə təşəkkürünü bildirib.