08 iyul 2020 15:54
862

Misirdə Dünya Nubiyalılar Günü qeyd olunub

Hər il iyulun 7-də BMT səviyyəsində Nil çayının Misir və Şimali Sudan ərazisində qədim sivilizasiyanın əsasını qoymuş Nubiya etnik qrupuna həsr olunmuş tədbirlər keçirilir. Bu əlamətdar gün Misirdə 2018-ci ildən UNESCO-nun mədəni müxtəlifliyin qorunması Konvensiyasına uyğun olaraq qeyd edilir.

Şimali Asuandan Xartuma qədər ərazidə tarixi Qədim Misir sivilizasiyasından daha əvvələ uzanan Nubiya mədəni irsi UNESCO tərəfindən qorunur. Hazırda sayları 1.5 milyondan da az olan nubiyalılar XII əsrə qədər xristian dininə etiqad ediblər, sonralar isə müsəlman olublar. Lakin onlar öz məişət və adət-ənənələrini qoruyub saxlayıblar. Nubiyalıların yaşadığı ərazi qızıl mədənləri ilə zəngin olub. “Nubiya” sözünün mənası da qızıl deməkdir. Təqribən 7 min il tarixi olan bu sivilizasiya Qədim Misirin bünövrəsini qoyub. Arxeoloqlar həmin ərazidən neolit dövrünə və sonrakı mərhələlərə aid (e.ə. 9 min – 500-cü illərədək) qiymətli tapıntılar aşkar ediblər. Professor Devid Edvard “Nubiyanın keçmişi” kitabında yazır ki, 7 min il əvvəl məhz Nubiya əhalisi heyvanların əhlilləşdirib.

Nubiyalılar, eyni zamanda, çox mahir döyüşçülər kimi tanınıb. Qədim Misir daşüstü abidələrində oxatan döyüşçülərin təsvirləri də onlara məxsusdur. //AZƏRTAC