22 yanvar 2020 15:58
1523

Misirdə qədim mağarada qayaüstü rəsmlər aşkar edilib

Misirin Cənubi Sinay əyalətində tapılmış qayaüstü rəsmlər ölkənin turizm xəritəsinə daxil ediləcək. AZƏRTAC Misirin Turizm və Qədim Abidələr Nazirliyinə istinadla xəbər verir ki, qədim mağarada olan bu rəsmlər Sarabit əl-Xademin 60 və Şimali Müqəddəs Katerinanın 30 kilometrliyində aşkar edilib.

Misirin Qədim Abidələr üzrə Ali Şurasının baş katibi Mustafa Vəziri bildirib ki, mağara Zəranij adlanan və çətin relyefi olan ərazidə yerləşir. Qədim bədəvi tayfalarının yaşadığı bu mağaranın dərinliyi 3 metr, hündürlüyü 3,5 metr, diametri isə 22 metrdir. Onun sözlərinə görə, bu, Cənubi Sinay bölgəsində aşkar edilən ilk bu cür tarixi abidədir.

Arxeoloqların ehtimalına görə, mağarada qədim insanlar eramızdan əvvəl 5,500 – 10 000 il əvvəl yaşayıblar. Qum qayalarının üzərində onların istifadə etdikləri uzunqulaq, qatır, dəvə, habelə qadın təsvirləri var. Misirin rəsmi qurumları qədim mağaraya turist səfərləri təşkil etmək üçün ətraf ərazilərin abadlaşdırılması planı hazırlayacaqlar.