25 noyabr 2020 18:05
678

Misirin ən nüfuzlu qəzeti Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasından yazıb

Misirin ən nüfuzlu qəzeti olan “Əl-Əhram” Müzəffər Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması haqqında geniş xəbər yayıb.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, qəzetin saytında yerləşdirilmiş xəbərdə 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Kəlbəcər rayonunun əsl sahibinə - Azərbaycana qaytarıldığı qeyd olunur. Bildirilir ki, noyabrın 10-da imzalanmış bəyanatın şərtlərinə əsasən, Azərbaycan Ordusu noyabrın 15-də bu əraziyə daxil olmalı idi, lakin humanizm prinsipindən çıxış edən rəsmi Bakı ermənilərə işğal etdikləri rayonu boşaltmaq üçün daha 10 gün vaxt verib.

Xəbərdə Azərbaycan Müdafiə Nazirliyinin işğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntüləri yaydığı qeyd edilir. Vurğulanır ki, bundan əvvəl Azərbaycan Ordusu ermənilərin kapitulyasiyasının şərtlərinə əsasən boşaldılan Ağdam rayonuna da daxil olub. Həmçinin vurğulanıb ki, ermənilər tərk etdikləri Kəlbəcərdə evləri və meşələri yandırıblar.