15 yanvar 2020 16:19
100

Misirin yeni hərbi bazası istifadəyə verilib

Misir Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramı çərçivəsində Qırmızı dənizin sahilində "Berenis" adlı yeni hərbi bazanın açılışı olub. AZƏRTAC "Egypttoday" portalına istinadla xəbər verir ki, açılış mərasimində Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Əbu-Dabinin vəliəhd şahzadəsi, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələri Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Sultan Əl-Nəhyan iştirak ediblər.

Qeyd olunub ki, Misirin Yaxın Şərqdə ilk ən böyük hərbi bazası 2017-ci ildə Əl-Hamam şəhərinin yaxınlığında açılıb. Yeni baza isə hərbi-texniki təchizat baxımından daha mükəmməldir.

Berenis Qırmızı dəniz sahilində yerləşən ən qədim limandır. Onun əsası eramızdan əvvəl 275-ci ildə Ptolemey II Filadelfus tərəfindən qoyulub.

Açılış mərasimindən sonra Misir və BƏƏ arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri də müzakirə olunub.