26 may 2020 17:10
1077

Misirli professor: Azərbaycan böyük uğurlara imza atıb

Azərbaycan xalqı hər il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi gününü milli bayram kimi qeyd edir. Cəmi 23 ay yaşayan, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin varisi olan Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra böyük uğurlara imza atıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Misirin Həlvan Universitetinin professoru Adil Dərviş söyləyib. O qeyd edib ki, Sovet İttifaqının süqutundan sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycan demokratiyanın, plüralizmin bərqərar olması, bazar iqtisadiyyatının inkişafı, insan hüquqlarının, habelə din və vicdan azadlıqlarının təmin edilməsi sahəsində böyük nailiyyətlər əldə edib.

A.Dərviş daha sonra deyib: “Dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı dünyanın ən görkəmli siyasətçilərindən biri olan Heydər Əliyevi ölkənin rəhbəri seçdi. Məhz onun hakimiyyəti dövründə iqtisadi inkişafın təməli qoyuldu, ölkə qısa bir vaxtda beynəlxalq aləmdə böyük nüfuz qazandı. 2003-cü ildə prezident seçilən İlham Əliyev görkəmli dövlət xadiminin uzaqgörən siyasətini davam etdirərək Azərbaycanı Mərkəzi Asiya və Xəzər regionunda iqtisadi cəhətdən ən qüdrətli dövlətə çevirdi. Bununla yanaşı, etiqad azadlığını təmin edən, etnik və dini zəmində hər hansı münaqişələrdən uzaq olan Azərbaycan bu gün dünyada tolerantlıq nümunəsi, sivilizasiyalar və dinlərarası dialoq mərkəzi kimi tanınır. Mən bir müddət ölkənizdə işləmişəm və Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçısı olmuşam. Diqqətəlayiq haldır ki, Azərbaycan dövlətinin lideri İslam ölkələri, o cümlədən ərəb dövlətləri ilə əməkdaşlığa böyük əhəmiyyət verir”.

Professor A.Dərviş əlavə edib ki, Azərbaycan xalqı hələ XIX əsrin sonlarında və XX əsrin əvvəlində Şərqdə elmin, təhsilin, incəsənətin inkişafında əldə etdiyi uğurlarla seçilib: “Şərqdə ilk qızlar məktəbi, teatr və opera sənəti məhz Azərbaycanda yaranıb. Zəngin tarixə və mədəni irsə malik olan ölkənizdə olan qədim məscidlər, kilsələr və məbədlər əsrlər boyu bu torpaqlarda sivilizasiyalar, dinlər arasında körpü olub”.

“Təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycan ərazilərinin 20 faizi hələ də Ermənistanın işğalı altındadır. Hamıya yaxşı məlumdur ki, Dağlıq Qarabağ qədim Azərbaycan torpağıdır. Arzu edirik ki, münaqişə tezliklə öz ədalətli həllini tapsın və qardaş ölkə olan Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin”, - deyə A.Dərviş sözlərinə yekun vurub.