14 may 2019 10:32
90

Misterlər, lütfən idmanı siyasiləşdirməyin!

Tam səmimiyyətlə demək olar ki, azarkeşlər UEFA Avropa Liqasının final oyununu, mayın 29-da Bakıdakı Olimpiya stadionunda keçiriləcək “Arsenal”-”Çelsi” qarşılaşmasını çox böyük həyəcanla gözləyirlər. Dünyanın 47 ölkəsindən onminlərlə azarkeş futbol oyunları üçün bilet alıb. Təbii ki, bütün bunlar yenə məlum dairələri narahat edir. Ona görə də UEFA Avropa Liqasının final matçının ölkəmizdə keçirilməsi ərəfəsində həmin dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Menyuda isə şər, böhtan, iftira, əxlaqa, mənəviyyata, sağlam fikrə, irrasional düşüncəyə sığmayan hər şey vardır. Ancaq bu qüvvələr unudurlar ki, siyasətin idmanla qarışdırılması düzgün yanaşma deyil. İdman yarışlarından siyasi təzyiq vasitəsi kimi istifadə etmək ümumiyyətlə, qəbuledilməzdir.

Deyəsən, anti-Azərbaycan kampaniya Böyük Britaniya Xarici İşlər Nazirliyinə də sirayət edib. Belə ki,  UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinın yayımladığı  Azərbaycana aid səyahət tövsiyələri ilə tanış olarkən təəccüb və təəssüf keçirməmək mümkün deyil. Ona görə ki, Britaniya XİN-in bu “tövsiyələrində” “Arsenal” və “Çelsi” klublarının, onların  azarkeşlərinin Bakıya səfər etmələrindən narahatlıq ifadə olunur.

Qəribədir, deyilmi? Görəsən bu narahatlığa səbəb nədir? Axı Azərbaycan birinci dəfə deyil ki, belə beynəlxalq idman yarışlarına ev sahibliyi edir.  Bu gün Azərbaycan bir sabitlik adasıdır. Respublikamızda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub. Azərbaycan əvvəlki illərdə də sübut edib ki, istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Respublikamız çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına layiqincə ev sahibliyi edir. Bundan əvvəl Birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Formula 1 üzrə Azərbaycan Qran-Prisini və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə keçirilmiş “Qarabağ”-“Çelsi” oyununu  böyük qürur hissi ilə qeyd etmək lazımdır.  Bu idman yarışlarını izləmək məqsədilə respublikamıza gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunmasından, mövcud sabitlik və təhlükəsizlikdən, eləcə də tədbirlərin çox yüksək səviyyədə  təşkil olunmasından həmişə ağızdolusu danışıb, məmnunluqlarını açıq şəkildə ifadə ediblər.

Anti-Azərbaycan dairələr ölkəmizə qarşı apardıqları qara piar kampaniyasında həmişə olduğu kimi, şər-böhtandan, uydurma, feyk məlumatlardan maksimum dərəcədə istifadə edirlər. Bununla onlar beynəlxalq ictimaiyyətdə belə bir fikir formalaşdırmaq istəyirlər ki, “Avropa Liqasının final matçının Azərbaycanda keçirilməsi məqsədəuyğun deyil”.

Bundan başqa, UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ilə bağlı ölkəmizə səfər edən azarkeşlərin viza problemlərinin olmasını söyləmək isə ən azından vicdansızlıq və ləyaqətsizlikdir. Çünki elə onların özünə də məlumdur ki, ölkəmizdə əcnəbilər üçün sadələşdirilmiş viza rejimi tətbiq edilir. Əcnəbi vətəndaşlar, eləcə də ingilislər Azərbaycana gəlmək üçün çox rahatlıqla viza əldə edə bilirlər. O ki qaldı  otellərin baha olması barədə söylənilənlərə bunlar da  həqiqəti əks etdirmir. Bu gün Bakıda 20-30 dollardan başlayaraq otellər on minlərlə idman azarkeşini ən yüksək səviyyədə  qəbul etməyə hazırdır.

Azərbaycan əvvəllər olduğu kimi,  mayın 29-da UEFA Avropa Liqasının final yarışına layiqincə ev sahibliyi edəcək. Bunun üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Məsələn, Dövlət Turizm Agentliyi may ayının 29-da UEFA-nın Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı ölkəyə gələcək xarici qonaqlar və turistlərin rahatlığı üçün digər dövlət orqanları ilə, xüsusilə Azərbaycan Hava Yolları (AZAL),  Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fəaliyyət göstərəcək. AZAL tərəfindən 29 və 30 may tarixlərində həyata keçiriləcək birbaşa London-Bakı-London uçuşlarından başqa, xarici azarkeşlərin oyunu izləməsi üçün 40-dan çox çarter reys təşkil olunacaq. Bundan başqa, AZAL-la klublar arasında əldə olunan razılığa əsasən əlavə çarter reyslərin də təşkil olunması istiqamətində danışıqlar aparılır.

Paytaxt Bakıda ulduz dərəcəsinə uyğun olaraq müxtəlif büdcəli, həm beynəlxalq, həm də yerli brendlərə məxsus hotellərin mövcudluğu xarici qonaqların yarış ərəfəsində rahatlığını təmin edəcək.

Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb.

Bütün bunlar onu göstərir ki, anti-Azərbaycan dairələr ölkəmizə qarşı qarayaxma kampaniyasının rəngini daha da tündləşdirərək idmanı belə siyasiləşdirirlər. Bunun üçün bu üzdəniraq qüvvələr ölkəmizlə bağlı real faktları təhrif edir, sosial şəbəkələrdə öz trolları vasitəsilə yalanları  ictimai rəyə həqiqət kimi sırımağa çalışsalar da heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan əvvəlki tədbirlərdə olduğu kimi, UEFA-nın final oyunlarını ən yüksək səviyyədə təşkil edəcək. Çirkin anti-Azərbaycan kampaniyası effekt verməyəcək. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası bu dəfə  də iflasa uğrayacaq. Ona görə də üzümüzü həmin qüvvələrə tutub deyirik: Cənablar, misterlər, lütfən idmanı siyasiləşdirməyin.

Zahid Rza, “İki sahil”