01 fevral 2019 13:47
274

Mitinq keçirmək, təxribat törətmək gizli maliyyə hesabına edilir

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var. Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, bəzi müxalifət partiyaları maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmirlər, ya da boş təqdim edirlər ki, guya bunların maliyyə dövriyyəsi olmayıb:

“Bəs maliyyələri yoxdursa, ofisləri, işçiləri, cangüdənləri haradan, necə olur? Bütün bunlar qaranlıq mənbələr hesabına edilir. Bu mənbələri ortaya çıxarmaq lazımdır. Mitinq keçirmək, təxribat törətmək, insanları küçəyə çıxarmaq - hamısı gizli maliyyə hesabına edilir. Bütün bunlar tapşırıq əsasında edilir. O gizli maliyyəni verənlər tapşırıq da verirlər. Onlar üçün xalq, dövlət anlayışı yoxdur, ancaq sifariş yerinə yetirirlər. Hesab edirəm ki, bütün bunların qarşısı qanunvericiliklə alınmalıdır”.

S.Novruzov qeyd edib ki, xaricdən Azərbaycan qarşı yönəldilən şəxslər nəyisə dəyişmək qabiliyyətində deyillər:

“Onlar yalnız təhqir etməyi bacarırlar. Əgər belədirsə, biz də onlara cavab verməliyik. Təhqiri də başqalarının adlarından yazır, mənəvi terror həyata keçirməyə cəhd edirlər. Biz illərdir siyasətlə məşğuluq və onların taktikasını, mexanizmini yaxşı bilirik. Bu yolla bizi fəaliyyətimizdən döndərmək mümkün deyil. Azərbaycan inkişaf etdikcə, bizi sevməyən qüvvələrin halı daha da pisləşir”.