05 iyun 2020 17:19
4986

Moda tarixi ilə bağlı bəzi maraqlı faktlar

Bu yazıda moda və geyim tarixi ilə əlaqəli maraqlı faktlar barədə məlumat verəcəyik. Bir çox gündəlik əşyalarımızın sən demə,  bilmədiyimiz, gözlənilməz bir tarixçəsi varmış.

Köynək, pencək qollarında düymələr

Qollarda düymələrin niyə lazım olduğunu heç düşünmüsünüz? Düymələr ilk dəfə I Pyotrun xüsusi bir sərəncamı ilə tikilməyə başlanılıb. Vətəndaşların geyimlərin qolundan yeməkdən sonra burunlarını və ağızlarını silmək üçün istifadə etməsi rus çarını çox əsəbləşdirirdi. Onlar bu vərdişlə mübarizə aparmaqdan yorulmuşdular, sonda I Pyotr belə bir hiyləyə əl atdı.

Hansı geyimlər vintaj tərzi sayılır?

 Vintaj geyim tərzi ciddi şəkildə digərlərindən fərqlənir. Vintaj tərzi- qədim geyimlərə yeni həyat verərək yaradılmış maraqlı bir üslubdur. Yalnız 1920-1960-cı illərdə hazırlanan geyimlər vintaj sayıla bilər. Ondan daha əvvəlki geyimlər retro üslub hesab edilir. Vintaj geyimlər original olmalıdır və aid olduğu onilliyin xüsusiyyətlərini özündə əks etdirməlidir.

Ən qədim geyim elementi

Əncir yarpaqlarını nəzərə almasaq, günümüzə qədər gələn ilk geyim elementi ətəkdir. Qədim Misirdə həm kişilər, həm də qadınlar ətək geyinirdilər. Sonradan etik təfəkkürün dəyişməsi səbəbindən ətək tədricən yalnız qadınların qarderobuna aid olmağa başladı.

Bermud şortları

Bu şortların 20-ci əsrin 30-cu illərində Bermudda mövcud olan qadağaya görə yarandığına dair əfsanələr var. Orada qadınlara ombalarını xalqa göstərmələri qadağan edilmişdi. Buna görə ixtiraçı qadınlar adi şortları sadəcə uzatdılar. Digər bir mənbədə isə göstərilir ki, Bermud şortları ilk dəfə hərbi formanın bir hissəsi kimi İngilis müstəmləkə qoşunlarında meydana çıxıb. Onlar isti ölkələrdə geyinilmək üçün hazırlanmışdı. Bermud adaları da Böyük Britaniyanın müstəmləkəsi olduğundan orada geniş yayıldı.

Uşaq geyimləri

Qəribə olsa da, 200 il əvvəl "uşaq geyimləri" anlayışı yox imiş. Uşaqlar ən kiçik ölçülərdə yetkin paltarları geyinirdilər. Yetkin geyimləri uşaqlar üçün rahat deyildi, nəticədə xüsusi olaraq uşaq geyimlərinə yönəlmiş bir moda istiqaməti ortaya çıxdı.

Manekenlərin yaranması

 İndi maneken paltar nümayiş etdirmək üçün insan boyundakı bir kukla deməkdir. Lakin 19-cu əsrə qədər həqiqi paltarların surətlərini geyinmiş kiçik taxta fiqurlar maneken adlanırdı. Geyim istehsalçıları hətta bu taxta kuklaları rəsmlərin yerinə paltarı nümayiş etdirmək üçün xüsusi müştərilərinə göndərirdilər.

Nubar Süleymanova,

“İki sahil”