08 iyul 2020 18:42
1237

Modul tipli xəstəxanaların vaxtında tikilməsi ən müdrik addım idi

Əgər bunlar olmasaydı  xəstələrin yerləşdirilməsində ciddi problemlər yaranardı

Azərbaycan dövləti COVID-19 pandemiyasına qarşı ən təkmil mübarizə vasitələrindən istifadə edir. Xüsusilə ixtisaslaşmış xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchizatı və yeni modul tipli xəstəxanaların inşası bu bəşəri bəlaya qarşı mübarizədə əsas faktordur. Artıq Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə müxtəlif vaxtlarda Gəncədə,  paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışları reallaşıb. İyulun 6-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

Bununla da daha böyük  modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyası ilə ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı  bu tibb müəssisələri tamamilə oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir.

Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalda yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və «Xəzər» Televiziyasına müsahibə verib. Dövlət başçısı sualları cavablandırarkən bir sıra vacib məsələlərə diqqət çəkib. Bildirib ki, gələcəkdə də belə sağlamlıq mərkəzlərinin yaradılması  nəzərdə tutulur: «Bildiyiniz kimi, modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq».

Bu önəmli faktdır ki, modul tipli xəstəxanaların tikintisi ilə bağlı qərar hələ ölkəmizdə pandemiyanın zəif olduğu dövrlərdə verilmişdi. Bu isə Prezident İlham Əliyevin daha bir müdrik addımının nəticəsidir. Çünki bu pandemiya elə bir bəladır ki, onun tam qarşısının alınması məchul olaraq qalır. Hətta bəzi ölkələrdə pandemiyanın başa çatdığı düşünülsə də ikinci dalğa başlayıb. Prezident müsahibəsində bu amili belə dəyərləndirir ki, əslində, modul tipli bu on xəstəxananın tikintisi ilə bağlı qərar virusun yayılması o qədər də geniş vüsət almazdan əvvəl verilib: «Həmin qərar aprel ayında verilmişdi, o vaxt gündə təqribən 30, 40, 50, 60 insan xəstələnirdi. Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək. Lakin ehtimal var idi və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda, biz çıxılmaz vəziyyətdə qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə, o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi. Bu gün yenə də modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərar gələcəyə hesablanır. Ümumiyyətlə, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq».

Bu bir danılmaz faktdır ki, pandemiya dövründə vətəndaşlarımıza vaxtında tibbi xidmət göstərmək üçün modul tipli xəstəxanalar mühüm əhəmiyyət kəsb edir.  Hazırda 45-dən çox xəstəxana stasionar şəraitdə koronavirusla mübarizə aparır. Bu xəstəxanlardan 10-u modul tipli xəstəxanadır. Xəstəxanaların tikilməsi haqqında Sərəncamı dövlət başçısı hələ aprel ayında verib. Onlardan 6-sı dövlət vəsaiti hesabına, 4-ü isə özəl sektorun hesabına tikilir.

Təbii ki, modul tipli xəstəxanaların tikilməsi zəruri ehtiyacdan doğmuşdur. Orada iki mindən çox xəstənin müalicəsi təmin edilir, əks halda bu xəstəxanalar olmasaydı, iki minə yaxın xəstə məcbur olub ev şəraitində müalicə almalı olacaqdı. Modul tipli xəstəxanalar layihələndirilməklə  bütün tibbi avadanlıqlarla təmin olunub. Tikilməsi qısa müddətə başa gəldiyi kimi, lazım gəldiyi təqdirdə bir yerdən başqa bir yerə daşına bilir. Pandemiya bitdikdən sonra bu xəstəxanalar hərbi səhra hospitalı kimi də istifadə oluna bilər. Yəni, bu xəstəxanalar üçün çəkilən xərc heç də hədər getmir. Eyni zamanda, modul tipli xəstəxanaların  tikintisi bilavasitə səhiyyə sistemindəki infrasiruturu da ağır yüklənmədən  xilas edir.

Koronavirus pandemiyası ilə mübarizədə səhiyyə infrastrukturunun qurulması ilə bərabər, vətənpərvər, peşəkar və dəyanətli həkimlərimizin də əməyi yüksək qiymətləndirilir. Xüsüsilə bu dövrdə Azərbaycanın səhiyyə sisteminin dayanıqlılığı və həkimlərimizin qabiliyyəti, bacarığı və fədakarlığı bir daha isbatlandı. Pandemiya ilə mübarizədə böyük məsuliyyət həm də həkimlərin üzərinə düşüb. Həkimlər öz həyatlarını təhlükə qarşısında qoyaraq koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağlamlığını yenidən qaytarmaq üçün bütün imkanlardan istifadə edirlər

Eyni zamanda, dövlətimiz və Prezidentimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirir. Məhz bunun nəticəsidir ki, ölkə başçısının göstərişi ilə həkimlərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə müəyyən edilib.

Elçin Zaman, «İki sahil»