30 sentyabr 2020 01:28
756

Moldova mətbuatında Azərbaycan Prezidentinin köməkçisinin Ermənistanın təxribatlarına dair fikirləri dərc edilib

Moldovanın nüfuzlu “timpul.md” portalında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan ordusunun təxribatları ilə bağlı bəyanatında səsləndirdiyi fikirlərə geniş yer ayrılıb.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə H.Hacıyevin fikirlərinə istinadla yazılır: “Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barədə məlumatlar var. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib”.

Məqalədə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən mövqelərimizi və yaşayış məntəqələrini intensiv surətdə atəşə tutmaqda davam edir.

“Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud surətdə pozulmasıdır. Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımıdır. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə zərbələrin endirilməsi, mülki insanların və obyektlərin iriçaplı silahlardan atəşə tutulması beynəlxalq hüquqa əsasən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir”, - deyə məqalədə H.Hacıyevin bəyanatına istinadla vurğulanır.

Məqalədə daha sonra qeyd edilir: “Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşdığı barədə dəfələrlə xəbərdarlıq etmişdi.

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükədir. BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı şəraitdə Ermənistanın siyasi-hərbi rəhbərliyi növbəti hərbi avantüra və təxribata əl atıb. Ermənistan rəhbərliyi bu əməlləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir”.