29 yanvar 2019 16:48
118

Moskvada Azərbaycanın Prezident Kitabxanası haqqında məqalə dərc olunub

“Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyi (İB) sədrinin birinci müa­vi­ni, bay­raq­şü­nas­lıq və he­ral­di­ka üz­rə mü­tə­xəs­sis, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Azərbaycanda Prezident kitabxanasının “Nadir kitablar” fondundan bəzi rusdilli mənbələr haqqında” adlı məqaləsi Moskvada “Bibliofil Almanaxı”-nın 41-ci buraxılışında dərc edilib. Məqalədə qeyd olunub ki, XIX əsrin tarixi-memarlıq abidəsi olan binada Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası 2003-cü ildə fəaliyyətə başlayıb və kitabxana fondlarının əsasını Mərkəzi şəhər kitabxanasının və Azərbaycan KP MK-nin “Siyasi maarif evi” kitabxanalarının fondları təşkil edib.          Məqalədə maraq doğuran bir çox məlumatlar əks etdirilib.

Bununla bərabər, müəllif Prezident Kitabxanasının nadir kitablar fondunun çox zəngin kolleksiyasına malik olduğu barədə məlumat verir. Bildirilir ki, fondda XVI-XIX əsrlərdə və XX əsrin əvvəllərində nəşr olunmuş müxtəlif dillərdə kitablar saxlanılır, ümumilikdə fondda iyirmi beş dildə 10 mindən çox nüsxə kitab var. Məqalədə qeyd edilir ki, 1088 nadir fond kitabı Azərbaycan Respublikasının kitab abidələrinin dövlət reyestrinə daxil edilib. Kitabxanadakı ən qədim kitab 1591-ci ilə aiddir – “Parma tarixi”; italyanca "Bonaventures Andrédie". Həmçinin fondda Leypsiqdə nəşr edilmiş, qotika şrifti ilə çap olunmuş qədim alman kitablarının kolleksiyası da saxlanılır.     Həmçinin məqalədə bəzi elmi əhəmiyyətli mənbələrin şəkilləri də oxuculara təqdim edilib.     

Vəli İlyasov, “İki sahil”