01 fevral 2019 18:01
207

“Mother of the Nation” festivalı Əbu-Dabiyə qayıdır

Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti bildirib ki, dördüncü “Mother of the Nation” festivalı martın 12-dən 23-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında keçiriləcək. Başqa sözlə desək, “Mother of the Nation” festivalı və martın 14-dən 21-nə qədər keçiriləcək Ümumdünya Xüsusi Olimpiya oyunları praktiki olaraq eyni vaxta düşəcək.

AZƏRTAC xəbər verir ki, “Mother of the Nation” festivalı millət anası - Ailə İnkişafı Fondunun ali sədri, Ümumi Qadın İttifaqının sədri, həmçinin Ana və Uşaq Məsələləri üzrə Ali Şuranın sədri şeyxa Fatimə bint Mübarəkin canlı irsinə ehtiram əlamətidir. Hüquq və imkanların genişlənməsi dəyərlərinin, əməkdaşlığın, ekoloji və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasının təcəssümü, yoldaşlıq və birlik rəmzi olan bu festival 12 gün ərzində seminar, nahar və yarmarkaların geniş spektrini, həmçinin bütün ailə üçün tədbirləri təqdim etməyə çalışacaq.

Festival BƏƏ-də 2019-cu ilin əsas mövzusu olan tolerantlıq ilini əks etdirəcək, festival çərçivəsində təşkil olunan tədbirlər isə, ənənəyə görə Əbu-Dabidəki Korniş sahilində keçiriləcək. Nailiyyətlər Zonasında kiberidman çempionatı, Səadət Zonasında isə bir-birindən maraqlı çoxsaylı tədbirlər təşkil edilməsi nəzərdə tutulur.