KÖŞƏ

Nigar Orucova

Müasir Azərbaycan gəncliyi: Könüllülük hərakatının əsas hərakat qüvvəsi

24 avqust 2020 17:06
4890

Azərbaycan gəncinin bu gün üzərinə düşən əsas vəzifə müstəqil dövlətin layiqli vətəndaşı olmaq, onu dünyada daha yaxşı təmsil etmək, ölkənin ümumi inkişafına töhfə vermək üçün çalışmaqdır. Azərbaycan xalqının zəngin mədəni dəyərlərinin, çoxəsrlik tarixə malik adət-ənənələrinin, dünyanın ən qədim xalqları ilə müqayisə olunacaq mədəni irsinin bütün azərbaycanlılar tərəfindən qorunmasının zəruriliyi, ölkənin tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması kimi mühüm ideoloji hədəflərin reallaşdırılmasında gənclərin rolu əvəzsizdir. Çünki onlar daha müstəqil və daha qlobal düşüncə tərzinə malik yeni nəslin təmsilçiləridir.

Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan “Azərbaycan gənclərinin inkişaf strategiyası (2015-2025-ci illər)”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin yaradıcı innovativ potensialının üzə çıxarılmasına, azərbaycançılıq və dövlətçilik prinsipi əsasında tərbiyəsinə, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə, sağlamlığının qorunmasına, təhsil və məşğulluq məsələlərinə, qərarların qəbulu prosesində iştirakının artırılması və sair məsələlərə yeni imkanlar yaradır. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Dövlət başçısının bu gün həyata keçirdiyi gənclər siyasətinin müxtəlif aspektlərdən təhlili göstərir ki, Azərbaycanda gənclərin dövlət idarəçilik sistemində son dərəcə mühüm rolları ifa etməsi üçün kifayət qədər geniş imkanlar mövcuddur. Təsadüfü deyil ki, bu gün Azərbaycanda 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Ölkə əhalisinin 32 faizini təşkil edən gənclərin hərtərəfli inkişafı məqsədilə gənc nəslin nümayəndələrinin dövlət idarəçiliyi sistemində iştirakının həyata keçirilməsi, onların səmərəli məşğulluğunun təmin edilməsi, gənclərin potensialından dövlətimizin rifahı naminə istifadə olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.  Bir çox dövlət qurumuna gənc və potensiallı şəxslərin rəhbər təyin edilməsi bunun bariz nümunəsidir. Azərbaycan  gəncləri bələdiyyələrlə yanaşı, Azərbaycan Respublikasının Milli Məclisində də geniş təmsil olunurlar.

Məlum olduğu kimi, Prezidentin Sərəncamı ilə bu il “Könüllülər ili” elan edilib. Bu da ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir dövrə təsadüf edilir. Buna rəğmən, Azərbaycan könüllüləri ölkə başçısı İlham Əliyevin koronavirus infeksiyasının ölkəmizdə törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə etdiyi çağırışlara, atdığı addımlara daim adekvat cavab verərək, onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Belə ki, könüllülər əhali arasında bu dəhşətli bəlaya qarşı maarifləndirmə işləri aparır, insanları Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə və qərarlarına sözsüz əməl etməyə səsləyir, vətəndaşlarımızın tibbi müayinədən keçirilməsi sahəsində səhiyyə işçilərinə yaxından köməklik göstərir, keçirilən aksiyalar çərçivəsində tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının ödənilməsinə yardımçı olur, həmçinin qanvermə aksiyalarında fəal iştirak edirlər.

Bununla yanaşı, könüllülük gənclərə bilik, ilkin əmək vərdişləri, kollektivdə çalışmaq və dövlət orqanının işi ilə yaxından tanışlıq şansı verir və bu yolla onların əmək bazarında öz yerlərini tutmalarına münbit şərait yaradır. Eyni zamanda, könüllülük gənclərdə vətənpərvərlik və dövlətçiliyimizə sədaqət kimi ali keyfiyyətləri formalaşdırır. Könüllülüyün zamanı, məkanı, yaşı, sərhədləri yoxdur. İnsan hər bir yaşında, ömrünün bütün anlarında könüllü ola bilər. Amma unutmayaq ki, könüllülük hərəkatının əsas hərəkət qüvvəsi enerjili, həvəsli, cəmiyyətə nəsə bir fayda vermək istəyi ilə yaşayan gənclərdir.