20 sentyabr 2019 11:27
665

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ erməniləri Paşinyanın komandasına inanmırlar

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu sentyabrın 19-da “Qarabağ saatı” mövzusunda növbəti mətbuat konfransı keçirdi.

Regionda baş verən son hadisələri şərh edən M.Əhmədoğlu bildirdi ki, proseslər Azərbaycanın siyasi rəhbərliyinin xarizmatik siyasət yürütdüyünü bir daha təsdiq edir. Ermənistanın danışıqlar prosesini uzatmağa çalışdığını qeyd edən Mərkəzin rəhbəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son proseslərə münasibət bildirərək məsələnin həlli istiqamətində rəsmi Bakının mövqeyinin daha da gücləndiyini diqqətə çatdırdı.

Politoloq qeyd etdi ki, bu yaxınlarda Ermənistanın XİN rəhbəri Z.Mnasakanyanın Xankəndidə olarkən verdiyi bəyanatın sensasiyalı tərəfi var: “Z.Mnasakanyan bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tənzimlənmə prosesi uzun müddət getdiyi üçün nəticədə həll yolu ola biləcək çoxsaylı parametrlər formalaşıb. O, qeyd edib ki, bizim məqsədimiz onları tutuşdurmaq və mütənasiblik əldə etməkdir və heç bir tərəf maksimalist yanaşmanı rəhbər tuta bilməz. Erməni tərəfinin maksimal tələbi “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz” ideyasıdır. İndi Z.Mnasakanyan etiraf edir ki, rəsmi İrəvan “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz” ideyasını rəhbər tuta bilməz. Bu, kifayət qədər ciddi etirafdır və ATƏT-in Minsk qrupunun artıq N.Paşinyan və Z.Mnasakanyanı da yola gətirdiyinin göstəricisi kimi başa düşülə bilər. Ermənistan Dağlıq Qarabağın müstəqil olmayacağını etiraf edirsə və bununla rahat razılaşıbsa, bu, artıq münaqişənin tənzimlənməsinə yanaşmada tamamilə yeni bir keyfiyyət mərhələsi yaradır”.

Politoloqun qənaətinə görə, əgər həqiqətən Ermənistan regional əməkdaşlığa can atırsa, Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, bu, artıq tamamilə yeni bir keyfiyyət fazasıdır: “Bu halda işğalçı ölkə başa düşməlidir ki, Dağlıq Qarabağ müstəqil ola bilmirsə, Ermənistana birləşdirilə bilmirsə, Azərbaycanla tam səmimi əməkdaşlığına imkan verən tənzimlənmə variantına getməlidir. Bu, artıq indiki reallıqda ermənilərin kimliyini ortalığa qoyacaq məsələdir. Azərbaycan hadisələrin belə gedişinə hazırdır. Azərbaycanla iqtisadi əməkdaşlıq işğalçı ölkə üçün çox faydalıdır. Bu təqdirdə Ermənistan özü üçün hazırda həyati əhəmiyyətə malik investisiyanı əldə etmiş olacaq. Beləliklə, regionda sabitlik və çiçəklənmə üçün yeni stimul əldə edəcəkdir”.

M.Əhmədoğlunun sözlərinə görə, Paşinyan hökumətinin bu yanaşmadan geri çəkilmək imkanı yoxdur: “Paşinyanın komandası onu yubada bilər. Tezləşdirsə ölkənin qarşısında duran problemlərin həllində əlavə dəstək əldə edə edəcəkdir. Z.Mnasakanyan qondarma “Dağlıq Qarabağ respublikası”nın XİN rəhbəri M.Mailyanla birlikdə Xankəndidə keçirdiyi mətbuat konfransında tənzimlənmə üzrə danışıqların aparıldığı müddət ərzində çoxlu parametrlərin toplandığını və bu parametrlərin hazırda tutuşdurularaq ortaq məxrəcə gətirilməsi işinin aparıldığını bildirdi. ATƏT-in Minsk qrupunun həmsədrləri tənzimlənmə masasında olan variant barədə bir neçə dəfə rəsmi məlumat yayıblar. Bu, Minsk qrupu həmsədrlərinin ölkə prezidentlərinin 2009-cu ildə İtaliyanın Akvil şəhərində “G-8” sammiti zamanı qəbul etdikləri “Madrid prinsipləri”nin yenilənmiş variantı və yaxud “Yenilənmiş Madrid prinsipləri”dir. “Yenilənmiş Madrid prinsipləri”nə görə regionda heç bir yeni dövlət yaranmır, bu sənəd üzrə tənzimlənmə prosesi baş verdikdən sonra regionda iqtisadi inkişafa şərait yaranır, regional təhlükəsizlik və sabitlik daha da güclənir”.

Politoloq qeyd etdi ki, Ermənistanla Dağlıq Qarabağ arasındakı fikir ayrılıqları indi daha kəskin şəkildə üzdədir: “Çünki Dağlıq Qarabağ erməniləri Paşinyanın komandasına inanmırlar. N.Paşinyandan əvvəl isə İrəvanda “Qarabağ klanı” hakimiyyətdə idi. Dağlıq Qarabağ erməniləri danışıqlar prosesinə tərəf kimi qoşula bilərlər. Bunun qaydası var. Bu təqdirdə hökmən Dağlıq Qarabağ azərbaycanlıları da danışıqlar prosesinə tərəf kimi qoşulmalıdırlar”.

Cavid Əkbərov,

“İki sahil”