21 avqust 2019 20:54
1531

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağda qurulmuş  “tamaşanın” bütün səhnə dekorasiyaları söküləcək

“Dağlıq Qarabağ erməniləri arasında ciddi narahatlıq var. Siyasiləşmiş sosiumda ciddi müzakirələr bəzən etiraz aksiyalarına da çevrilir. Amma etiraz aksiyaları Qarabağ erməniləri üçün xarakterik hala çevrilməyib. “Yerli hakimiyyət” heç bir irəliləyiş yarada bilməyib. Mahiyyətinə görə yarada da bilməz. Çünki hərbi-quldur rejimin məqsədi Dağlıq Qarabağ ermənilərini müəyyən məcrada saxlamaqdır”.

Bu barədə politoloq Mübariz Əhmədoğlu ötən keçirdiyi “Qarabağ saatı” adlı mətbuat konfransında deyib.

Politoloq bildirib ki, hazırda Dağlıq Qarabağdakı qondarma rejimin keçmiş “baş naziri” Arayik Arutyunyan birləşdirici faktordur: “O baş nazir işlədiyi dövrdə xaricdən Dağlıq Qarabağa külli miqdarda investisiya cəlb edə bilib. Lakin bu layihələr reallaşmadığından həmin vəsait A.Arutyunyanın bank hesabında qalıb”.

M. Əhmədoğlunun sözlərinə görə, kifayət qədər gur keçən 5 avqust mitinqini o təşkil etmişdi: “Nikol Paşinyanın manerası Dağlıq Qarabağın erməni əhalisinin daxili aləminə uyğun deyil. Paşinyanın çağırışına Dağlıq Qarabağda o qədər adam toplaşa bilməz. Bu, nonsensdir. A.Arutyunyan müəyyən rıçaqlara malikdir və bu mitinqi təşkil edə bildi. Bu mitinqin siyasi ssenarisinin müəllifi də A.Arutyunyan idi. Elə ona görə B.Saakyanın fitə basılmasına imkan vermədi. Bu funksiyanın icraçısı Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan idi”.

Eyni zamanda, A.Arutyunyanın siyasi əlaqələrə malik olduğunu bəyan edən M.Əhmədoğlu onun Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın qohumu olduğunu da vurğulayıb: “Bu baxımdan o “Əskəran” qruplaşmasına yaxındır. “Əskəran” qruplaşmasında da əsas fiqur qondarma qurumun keçmiş Təhlükəsizlik Xidmətinin rəisi Samvel Balasanyandır. Yeri gəlmişkən, o da vaxtilə “prezident”liyə namizəd olub və Dağlıq Qarabağdakı hərbi xuntanın hansı metodlarla işlədiyini çox gözəl bilir”.

Beləliklə, Dağlıq Qarabağda baş verənləri bu qondarma qurumda “prezident” və yaxud hansısa bir rəhbər seçkisinə hazırlaşmaq kimi qəbul etməyin düzgün olmadığını deyən politoloq vəziyyətin əhalinin sosial narazılığını ifadə etməsinə, xaosa doğru getdiyini qeyd edib. Onun sözlərinə görə, bu aktivlik nəticəsində indiyədək Dağlıq Qarabağda qurulmuş  “tamaşanın” bütün səhnə dekorasiyaları söküləcək. Dağlıq Qarabağın müstəqilliyinin tərəfdarı olan bir sıra xarici siyasətçilər də başa düşəcəklər ki, orada demokratiyadan əsər-əlamət olmayıb.

Ceyhun Piriyev,

“İki sahil”