09 oktyabr 2019 18:30
121

Mübariz Əhmədoğlu: Paşinyan hakimiyyəti daxilində böhran daha da kəskinləşir

“Ermənistanın baş naziri N.Paşinyanın davranışları onun nüfuzunu getdikcə aşağı salır. Ekspertlər hazırda onun reytinqinin Ermənistanda cəmi 25 faiz olduğunu düşünürlər”. Bu fikri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu oktyabrın 9-da keçirdiyi mətbuat konfransında bildirdi.

M.Əhmədoğlu qeyd etdi ki, N.Paşinyanın “Amulsar” yatağının istismarı məsələsində tutduğu mövqe kökündən səhvdir: “Onun bu mövqeyi heç kəs tərəfindən rəğbətlə qarşılanmır. Bu məsələdə hətta ABŞ, Kanada və İngiltərənin N.Paşinyan qarşısında siyasi şərt irəli sürdüklərini bildirirlər. Həmçinin Paşinyana qarşı antipatiyanı gücləndirən əsas məsələlərdən biri onun həyat yoldaşı Anna Akopyanın Ermənistandakı siyasi proseslərə fəal müdaxiləsidir. Anna Akopyanın siyasi proseslərə müdaxiləsi N.Paşinyanın reytinqini sürətlə azaldır. İşğalçı ölkənin daxilində uğurlu inkişafın, iqtisadi islahatların olmaması, investisiyanın gəlməməsi də N.Paşinyanın nüfuzunu getdikcə aşağı salır. N.Paşinyanın reallaşdırdığı həbslər heç bir piar effekt yaratmır. Paşinyanın hər bir xarici səfəri, aldığı dəstək sonda Ermənistan daxilində bir sıra tanınmış iş adamlarının, siyasətçilərin həbsi ilə nəticələnir”.

M.Əhmədoğlu söylədi ki, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Çarukyanın ən yaxın dostunun həbs olunması, keçmiş prezidentlər Serj Sarkisyanın və Robert Koçaryanın qohumlarına qarşı yeni hücum dalğasının başlanması cəmiyyətdə birmənalı qarşılanmır: “Belə ki, Ermənistan polisinin keçmiş rəhbəri Ayk Arutyunyan məhz 1 mart hadisələrinə görə istintaqa çağırıldığı üçün intihar etdi. 1 mart hadisələrində zərər çəkənlərə kompensasiya üçün 720 milyon dram vəsait ayrılması Qarabağ müharibəsi zamanı ölənlərin ailələrində narazılıq yaratdı. Onların fikrincə, Qarabağ müharibəsində ölənlərin də ailələrinə böyük məbləğdə kompensasiya verilməlidir”.  

Politoloq qeyd etdi ki, N.Paşinyan hökumətinin Ermənistanın daxili və xarici siyasətinə ən böyük riçaqı “Sasna srer”lə birləşməsidir: “Artıq Paşinyan “Sasna srer”in başçısı Jirayr Sefilyanla görüşüb bu istiqamətdə müzakirələr aparır. Paşinyanın bu addımı həm ölkənin daxilində, həm də Rusiyada narazılıq yaratdı. Hakimiyyətin daxilində də vəziyyət xeyli mütəhərrikdir. Paşinyan hakimiyyəti daxilində böhran daha da kəskinləşir. Baş nazirin müavinləri, nazirlər yaranmış vəziyyətdən narazıdırlar. Rəsmilərin xarici siyasətlə bağlı verdikləri bəyanatlar N.Paşinyanı qane etmir. Ona görə də Paşinyan dövlət rəsmilərinin xarici siyasət istiqamətində verdikləri bəyanatları bundan sonra ciddi nəzarət altına alacağını bildirib”.

Cavid Əkbərov, “İki sahil”