20 oktyabr 2020 21:11
826

Mübariz Qurbanlı: Yer üzünə göndərilən bütün dinlər sevgini, mərhəməti, sülhü təbliğ edir, terror isə bunun əksidir

Heç kimə sirr deyil ki, müasir dövrdə beynəlxalq münasibətləri düşündürən əsas məsələ ümumbəşəri təhlükəsizlik problemidir. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dini liderlərinin məşvərət iclasının təşkili də bu baxımdan təqdirəlayiqdir.

"İki sahil" xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dini liderlərinin videokonfrans formatında iclasında çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı qeyd edib ki, dünyanın dörd bir yanında günahsız insanların vəhşiliklə öldürülməsi ilə müşayiət olunan terror və qətliamlar törədilməkdə, süni səbəblərə görə bir-birinə düşmən kəsilən toplumlar ölkələri qana bulamaqdadır. Çox fərqli tarixlərə, mədəniyyətlərə sahib ölkələrdə meydana gələn bu hadisələrin özünəməxsus səbəb və qaynaqları ola bilər. Yer üzərinə göndərilən bütün dinlər sevgini, mərhəməti, sülhü təbliğ edir, terror isə bunun əksidir. Bu səbəbdən, hər hansı terrorun ideya mənbəyini dində deyil, dinsizlikdə, siyasi maraqlarda və mənafelərdə axtarmaq lazımdır. Təəssüflə etiraf etmək lazımdır ki, müasir dövrümüzdə terror hadisələri daha çox müsəlman ölkələrində baş verir və onun ağır nəticələrindən müsəlmanlar əziyyət çəkirlər.

Komitə sədri diqqətə çatdırıb ki, terrordan dəfələrlə ziyan görmüş, hələ də onun fəsadlarını yaşayan ölkələrdən biri də Azərbaycandır. Avropa ilə Asiya qitəsinin qovuşuğunda, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan dünyada tolerantlıq, dözümlülük, mutikulturalizm diyarı kimi tanınıb.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din modeli sayəsində ölkəmizdə dini etiqad azadlığı və multikultural harmoniya təmin edilib. Azərbaycan müasir dünyada dinlər və mədəniyyətlər arasında münasibətlər, ümumiyyətlə, multikultural cəmiyyət baxımından nümunəvi ölkədir.

Cənubi Qafqaz regionunda dialoqa və birgəyaşayışa əngəl olan yeganə dövlətin Ermənistan olduğunu vurğulayan M.Qurbanlı bildirib ki, təcavüzkar ölkə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal edib, bir milyondan çox azərbaycanlını, o cümlədən xristian və digər dinlərin nümayəndələrini qaçqın və məcburi köçkün taleyi yaşamağa vadar edib. İşğal altında olan ərazilərdə İslam dininə aid məbədlər - məscidlər, ziyarətgahlar, qəbiristanlıqlar dağıdılıb, ibadət yerləri heyvan saxlanılan tövləyə çevrilib.

Qeyd olunub ki, ermənilər tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində minlərlə tarixi, mədəni və dini abidə, müsəlman qəbiristanlıqları dağıdılıb. Eyni zamanda, Azərbaycan xalqının tarixi irsi olan Qafqaz Albaniyasına aid xristian abidələri erməniləşdirilib.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb olunduğunu xatırladan Mübariz Qurbanlı deyib: “Təəssüf ki, Ermənistan 30 ilə yaxındır ki, qətnamələrə məhəl qoymur. Buna baxmayaraq, bu illər ərzində Azərbaycan məsələnin sülh yolu ilə həllinə tərəfdar olub, 1994-cü ildən bu günədək ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda konstruktiv mövqe nümayiş etdirib. Ermənistan tərəfi isə müxtəlif bəhanələrlə danışıqları məqsədyönlü şəkildə pozub və bu gün də pozmaqdadır. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycanın münaqişə zonasına aid olmayan yaşayış məntəqələri – Gəncə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, Mingəçevir, Naftalan, Xızı, Abşeron, Goranboy, Daşkəsən, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, Füzuli və Beyləqan kimi şəhər və rayonlar, eləcə də tarixi-dini abidələr mütəmadi olaraq ağır artilleriya və raket atəşinə məruz qalıb.

Ermənistan silahlı qüvvələri atəşkəs razılaşmasına məhəl qoymayaraq, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə iki dəfə ballistik raket zərbəsi endirib, nəticədə 23 mülki şəxs həlak olub, 82 nəfər yaralanıb, 2 nəfər itkin düşüb, onlarla mülki obyekt və yaşayış binası dağılıb.

Ümumiyyətlə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin ağır artilleriya və raket zərbələri nəticəsində 60 mülki şəxs (o cümlədən uşaqlar və qadınlar) həlak olub, 300-ə yaxın insan yaralanıb, 1704 yaşayış evi, 100-ə yaxın çoxmənzilli yaşayış binası dağıdılıb, 300-dən çox mülki obyektə ciddi zərər dəyib. Bütün bunlar işğalçı Ermənistanın beynəlxalq hüquq normaları və humanitar prinsipləri, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını pozmasına bariz nümunədir. Ermənistanın hazırda mülki əhaliyə qarşı törətdiyi cinayət əməli 1992-ci il fevral ayının 26-da Azərbaycanın Xocalı şəhərinin işğalı zamanı törətdiyi soyqırımı aktının davamıdır.

Komitə sədri, həmçinin bildirib ki, Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərini azad etmək istiqamətində apardığı haqlı müharibə bir sıra ölkələr və beynəlxalq təşkilatlar, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən dəstəklənir.